İkinci Qarabağ müharibəsindən ilyarım keçib, hərbi ekspertlər bu
günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar.
Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.
Dövlət başçısı bildirib:
“Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə
hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala
necə alındı – yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa
döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər
silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz
idilər.
Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz
öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən
isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi.
Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün
dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut
əməliyyatı, digər əməliyyatlar öyrənilir.
İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər,
bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər
Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı,
müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı
amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən
sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur”
deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik.
Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni
biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında
məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə
tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar,
qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə
ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki,
biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla
heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi
keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu
etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi
vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl
etdilər”.