Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı

İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin
sayı 2 dəfə artırıldı.

Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.

Dövlət başçısı bildirib:

“Bu gün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq
kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi
təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər
verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq
olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün də, bu bayram
günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən
sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir.
Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi
təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların
canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq. Biz
müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti
bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər
qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik. Ancaq
biz hər zaman ayıq olmalıyıq. Çünki Ermənistanda bu gün də
revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana
qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət
mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait
ayrıldı və necə ki, 2004-cü ildən bu günə qədər bu il və gələn il
hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən xüsusi
təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi sayla
bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki,
İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin
sayı 2 dəfə artırıldı, indi seçim daha sərtdir və maraq daha
böyükdür, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji
keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən
sevgisi bu seçimin əsas şərtləridir”.

Teqlər: