Prezident İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin
qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai
xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət
mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının
müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100
ili tamam olur.
Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik
muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq
palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər
xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan
alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam
ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə
birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı,
romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət
Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə
öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh,
fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin
əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert
salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş
və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz
illiyinin UNESCO-nun
2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar
hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov
sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin
təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi
zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə
zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq
səhifələrindəndir.
Sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin
inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət
Əmirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının
təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 100 illik yubileyinə
dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.