Prezident İlham Əliyev: Qaradağ Günəş Elektrik Stansiyası ixrac imkanlarımızı da genişləndirəcək

Qaradağ Günəş Elektrik Stansiyası ixrac imkanlarımızı da
genişləndirəcək.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 15-də
Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma
mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür.
Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu
münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək
istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat
gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını
ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.

Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış
və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim
kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir
çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Əlbəttə ki, bu
şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır.
Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox
cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya
iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar
qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici
sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması
bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz
sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan
verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün
Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik
enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı
nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı
artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da
elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni
stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac
imkanlarımızı da artırır.

“Masdar” şirkəti bizim üçün dost ölkəni – Birləşmiş Ərəb
Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox
yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər
sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır,
turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də
artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə
Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki,
bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start
verilir. Əslində Azərbaycan Energetika Nazirliyi ilə “Masdar”
şirkəti arasında icra müqaviləsi bir il bundan əvvəl imzalanmışdır.
Bu müddət ərzində hazırlıq işləri gedirdi və bu gün biz artıq
təməlqoyma mərasiminə toplaşmışıq”.

Teqlər: