Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende ölkəmizə
səfərləri zamanı Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı
Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışında iştirak etmələrini
məmnunluqla vurğuladı.

O, ölkəmizin bütün sahələrdə əldə etdiyi iqtisadi uğurların
əhəmiyyətini qeyd etdi, Azərbaycan iqtisadiyyatının regionda vacib
amilə çevrilməsinin önəmini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Dünya İqtisadi Forumu
arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsindən
razılığını ifadə etdi. Dövlətimizin başçısı Dünya İqtisadi Forumu
ilə ölkəmiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün
yaxşı imkanların olduğunu dedi.

Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Borge Brende Dünya İqtisadi Forumunun növbəti toplantısında
iştirak etmək üçün Forumun təsisçisi və icraçı sədri Klaus Şvabın
dəvətini Prezident İlham Əliyevə çatdırdı.

Teqlər: