Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq

Azərbaycan və Qırğızıstan bütün sahələrdə fəal qarşılıqlı əlaqə
saxlamaq əzmindədir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bizim
münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğız
Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşündə
bildirib.

Azərbaycan və Qırğız respublikası arasında münasibətlərin
perspektivlərinə toxunan dövlətimiz başçısı deyib: “Əminəm ki,
Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə
xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm
ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında
Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni
səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin
möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün
biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu
prinsiplər əsasında qururuq”.

Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz arasında
diplomatik münasibətlər qurulmasından ötən müddətdə çox iş görülüb,
lakin hələ çox iş görülməlidir.

“Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində,
həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr
olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat,
ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə,
müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik
məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə
dair fikir mübadiləsi də çox faydalı olacaq”, – deyə Azərbaycan
Prezidenti vurğulayıb.

Teqlər: