Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına
təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün
xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və
xoşbəxtlik arzularımı yetirirəm.

Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən,
etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün
doğma vətəndir. Yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü
ölkəmizdə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və
etimada əsaslanan dostluq və qardaşlıq münasibətləri
formalaşmışdır. Cəmiyyətimizdə etnomədəni rəngarəngliyin, zəngin
multikultural dəyərlərin, çoxəsrlik tolerantlıq ənənələrinin
qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət
siyasətinin əsas istiqamətlərindən biridir.

Müxtəlif xalqların mədəni irsinə hərtərəfli diqqət və qayğının
təmin edildiyi Azərbaycan nümunəvi dövlət – din münasibətlərinin
mövcud olduğu nadir ölkələrdəndir. Belə bir milli-mənəvi həmrəylik
şəraitində xristian həmvətənlərimiz öz adət-ənənələrini, dini
inanclarını, dil və mədəniyyətini yaşadır, vətəndaşlıq borcunu
layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni
həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.

Əziz dostlar!

Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz Pasxa
yeniliyin, dirçəlişin, mərhəmət və şəfqət duyğularının
təcəssümüdür. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı,
ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!

Teqlər: