Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Sülh müqaviləsi son şansdır

Məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə
müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və
beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən
diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir
daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm,
uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran
revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə
çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr,
onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu
rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini
nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım
nəyə gətirib çıxaracaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

“Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi
qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret
danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım
deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq.
Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər
və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən
diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir
daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm,
uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran
revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə
çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr,
onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu
rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini
nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım
nəyə gətirib çıxaracaq.

Amma yenə də dediyim bütün bu müsbət məqamlara baxmayaraq, hər
birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor
təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə
çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu
sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor
təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz
bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal
qüvvələrinin fiziki hücumlarına baxmayaraq, – onlar yenə də say
çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər,
– azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək
lazımdır.

Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək
mümkündürsə, maarifləndirmək lazımdır – həm Azərbaycan reallıqları
haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi
haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər
həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi
üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə
ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri
beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan,
Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət
getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı,
– titulu belə də gedib, – imzalayıb. XIX əsrin bu tarixi
hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır.
Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər
bunu bilir, yaxşı olar ki, geniş ictimaiyyət də bunu bilsin.
Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz
beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX
əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi.
1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan
qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il
əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana
bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə
sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat
hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı,
bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi.
Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ
Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım
keçəndən sonra –1923-cü il iyulun 7-də Azərbaycan ərazisində
tamamilə əsassız, süni bir qurum yaradıldı – Dağlıq Qarabağ Muxtar
Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki
Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan
ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə bu
muxtar vilayəti orada yox, burada yaradıblar. Bunu yaradıblar və
eyni zamanda, qədim Azərbaycan şəhərini – Şuşanı da onun tərkibinə
salıblar, bir məqsədlə ki, Şuşa erməniləşsin. Çünki Şuşa tək bir
qala kimi qalmışdı və yaxşı bilirsiniz ki, Şuşaya bütün yollar
ermənilərin məskunlaşdığı yerlərdən keçirdi, ərazilərdən keçirdi.
Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən
keçmək lazım idi. İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu
bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi
ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün,
erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə.
Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli
ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı
erməniləşdirə bilmədilər”.

Teqlər: