Prezident İlham Əliyev: Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

“Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş
Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim
ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına
olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik.
Ancaq həqiqətən mən istəyirdim ki, bu məsələ sülh yolu ilə həll
olunsun, müharibə yolu ilə yox. Çünki hesab edirdim ki, sülh yolu
ilə bu məsələnin həlli mümkündür. Beynəlxalq hüququn norma və
prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi. Dünyanın aparıcı
beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən və
haqq-ədalətə söykənən qərar və qətnamələr qəbul etmişlər.
Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında artıq heç kimə
sirr deyildi. Eyni zamanda, Azərbaycanla Ermənistan arasındakı
qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən
sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi də nəhayət dərk
edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların heç bir resursu
yoxdur – nə siyasi resursu, nə iqtisadi, nə də insan resursu
yoxdur. Hesab edirdim ki, Ermənistanda nəhayət anlayacaqlar ki, XXI
əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında
saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan
rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət, beynəlxalq
təşkilatlar fərqli fikirdə idi və uzun sürən – 30 ilə yaxın davam
edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək,
Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı
vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna
razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə,
qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi.
Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya
erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları
ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə
bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki,
ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə
vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər,
bilərəkdən ölümə gedirdilər Vətən uğrunda”.

Teqlər: