Prezident İlham Əliyev: Azərbaycanın müasir nəqliyyat infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi
qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən
tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində
artırmağa imkan verəcək.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Qırğız
Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək və geniş
tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı müzakirə edilən digər məsələlərdən də
danışaraq deyib: “Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb
nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün
səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə
olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm
Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat
infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman
infrastrukturunun imkanları qırğız qardaşlarımızın
sərəncamındadır”.

İnvestisiya sahəsində imkanlara toxunan Prezident İlham Əliyev
qeyd edib ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru
Azərbaycan şirkətlərinə maraqlı olardı. “Bizim şirkətlərimizin
müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən
istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi
var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın
investisiya potensialına çox ehtiyac olardı”, – deyə Azərbaycan
Prezidenti əlavə edib.

Teqlər: