Prezident İlham Əliyev: Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür

Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman
görünmədiyi kimi böyükdür.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir.
Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il,
o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və
Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların
istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz
potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da
çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat
başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən
də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan
tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi
biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə
üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın
müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır.

Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğumuz zaman biz boru
kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə
təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və
Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşuq. Cənub Qaz
Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən
illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il
fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı
keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi
artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. İndi isə,
bizə sadəcə işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq,
interkonnektorları yaratmaq və Avropanın qaz bazarında
fəaliyyətimizi genişləndirmək qalır”.

Teqlər: