Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır – Vüqar Rəhimzadə

30 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın
qazandığı uğurların miqyasına diqqət yetirsək ulu öndər Heydər
Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”
tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını qeyd edə
bilərik. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə
yüksək önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi
idi. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi
ki, səylər birləşdirilmədən, qarşılıqlı təcrübə mübadiləsi
aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola
bilməz. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin
imzalanması ilə ölkəmizin hərtərəfli inkişafının, dünya iqtisadi
sisteminə inteqrasiyasının təməli qoyuldu. Onu da qeyd edək ki,
“Əsrin müqaviləsi”nin imzalanmasından öncə ulu öndər Heydər
Əliyevin təşəbbüsü əsasında Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin
keçirilməsi ənənəsinin təməli qoyuldu. Bu sərgi Azərbaycanın malik
olduğu təbii resursların təqdimatında əhəmiyyətli rol oynadı. Bu
baxımdan «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən onun
iqtisadi tərəfi ilə yanaşı, siyasi tərəfi də geniş təhlil edilir.
Bu saziş Azərbaycanın bugününə və gələcəyinə inamı artırdı, ölkəmiz
yeni dostlar, tərəfdaşlar qazandı. «Əsrin müqaviləsi»nin əsas
tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı
-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə
iştirakçı, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi
inkişafı təmin edildi, Azərbaycan regional inkişafın aparıcı
qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına
çevrildi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə
bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycana artan maraq, inam
ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say
tərkibinin genişlənməsindən də aydın görünür. Artıq əməkdaşlığın
coğrafiyası regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb:
«Son 18 ildən artıq müddətdə ulu öndər Heydər Əliyevin siyasi
kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev
2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması
münasibətilə xalqa təbrikində «Əsrin müqaviləsi»nin əhəmiyyətini
belə xarakterizə etmişdir ki, əgər bu saziş imzalanmasaydı, hazırda
Azərbaycanın iqtisadi və siyasi mövqeyinin hansı səviyyədə
olacağını düşünmək çətin deyildi.»

YAP Xətai rayon təşkilatının sədri bu rəqəmi açıqlamaqla bir
daha diqqəti iqtisadiyyatın inkişafında neft amilinin roluna
yönəldib: «Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların
həcmi 280 milyard dollara yaxındır ki, bunun da böyük əksəriyyətini
neft-qaz sektoruna yatırılan investisiyalar təşkil edir:
«Azərbaycana artan inam və etimad Beynəlxalq Xəzər Neft və Qaz
sərgilərinə qatılan dövlətlərin və şirkətlərin sayında da özünü
qabarıq şəkildə göstərir. Ənənəvi olaraq keçirilən bu sərgilərdə
Azərbaycanın, həmçinin iştirakçı dövlətlərin bir ildə enerji
sektorunda qazandıqları uğurların hesabatı təqdim olunur. Onu da
qeyd edək ki, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 2019-cu
ildə keçirilib. Həmin ilin sonlarında dünyanın koronavirus
infeksiyasına qarşı mübarizəyə başlması ilə bağlı məhdudiyyət
tədbirlərinin həyata keçirilməsi sərginin təşkilində də müəyyən
fasilələrin yaranmasına səbəb olmuşdu. Artıq bu il yenidən ənənə
bərpa olunaraq iyunun 1-dən Bakı Enerji Həftəsinə start verilir.
Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini,
10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji
Sərgisini, eləcə də Xəzər Neft və Qaz Konfransının davamçısı olan
Bakı Enerji Forumunu bir araya gətirir.»

Diqqəti dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin
iştirakçılarına məktubuna yönəldən Vüqar Rəhimzadə vurğulayıb ki,
ölkə Prezidenti həmin məktubda da qeyd edir ki, Bakı Enerji Həftəsi
Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın
yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur: «Həm
canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq
sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji
Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması
sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas
oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. O da
təqdirəlayiq hal kimi qeyd edilir ki, qlobal çağırışa çevrilmiş
dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə
əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki
Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni
zamanda Bakı Enerji Forumu enerji sektorunun əsas tədbiri statusunu
qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam
etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də
genişləndirmişdir”. Azərbaycan, uzun müddətdir, belə qlobal
əhəmiyyətli tədbirə ev sahibliyi edir. Bu əminlik ifadə edilmişdir
ki, keçirilən sərgi və forum aktual mövzulu dolğun məruzələrlə,
müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində
geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli
əməkdaşlığa töhfələr verəcək.»

Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs
edən Vüqar Rəhimzadə vurğulayıb ki, gerçəkləşdirdiyi layihələrlə
dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən
Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli
əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi
tanınır: “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin
təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin
müqaviləsi”nin imzalanması, 2018-ci ildə XXV Beynəlxalq Neft və Qaz
Sərgisində 25 ilin uğurlarına baxış keçirildiyi bir zamanda Cənub
Qaz Dəhlizinin rəsmi açılışının olması Azərbaycanın beynəlxalq
nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə,
dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan
daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy
göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi
önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu
təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir.
Artıq Cənub Qaz Dəhlizi 2020-ci il 31 dekabr tarxində son tərkib
hissəsi olan TAP-ın istifadəyə verilməsi ilə tamamilə reallığa
çevrildi. Dövlət başçısı İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı
Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz
Sərgisinin rəsmi açılış mərasimindəki nitqi ilə Azərbaycanın enerji
sektorunda qazandığı uğurların aydın mənzərəsini yaratmaqla
qarşıdakı dövrün hədəflərini açıqladı.»

YAP Xətai rayon təşkilatının sədri bu il ənənəvi 27-ci Xəzər
Neft və Qaz Sərgisinin dünyanın müxtəlif ölkələrindən 250-dən çox
şirkət arasından energetika sənayesinin liderlərini bir araya
gətirdiyini, iştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan,
Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan,
İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya
Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiya şirkətlərinin olduğunu
önə çəkərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden
Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktubu fonunda bu
gün ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər
sistemində artan rolundan bəhs edib: «Məktubda qeyd olunduğu kimi,
Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda
davam edir. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq
üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və
Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol
oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların
sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng
potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.»

Vüqar Rəhimzadə bir daha bu ümumiləşdirməni aparıb ki,
Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi
imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır ki, bu da öz
növbəsində hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və
quruculuq işlərinin geniş miqyas almasında sözünü deyir.

Teqlər: