Prezident İlham Əliyev: Azərbaycan qazına olan tələbat sürətlə artır

Azərbaycan qazına olan tələbat sürətlə artır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji
Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin
rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Hazırda – iyunun 1-də söhbət apardığımız zaman vəziyyət
tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır.
Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial
istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə
hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz
danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi
tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə
çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları
genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə
planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi,
üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun
sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq
qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun
genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var.
Əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx
əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal
dialoqu tələb edəcək. Biz buna hazırıq. Azərbaycanın Energetika
Nazirliyi və Dövlət Neft Şirkəti artıq bütün təlimatlarımı alıblar
və onlar fəal danışıqlar aparırlar”.

Teqlər: