Prezident İlham Əliyev: Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun

Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki,
işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun.

Trend xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı
deyib.

Dövlət başçısı bildirib:

“Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki,
işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel
döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük
xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar
üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini
davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan
Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni
müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz
dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün
“Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına
yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri
hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə
işlər aparılacaq. Mən Prezident kimi öz səlahiyyətlərimi icra
etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş
Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki
torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və
güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan
edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki,
Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu
işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin
bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq,
ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Teqlər: