Prezident Administrasiyasında Müasir Müsavat Partiyasının sədri ilə görüş keçirilib

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində
iyunun 1-də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə
görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AzerTimes-a
bildiriblər ki, görüşdə şöbə müdiri Prezident İlham Əliyev
tərəfindən aparılan genişmiqyaslı islahatların dövlətçiliyin
möhkəmlənməsi, əhalinin sosial rifahının yaxşılaşması, işğaldan
azad edilmiş torpaqlarımızın bərpası ilə yanaşı, ölkədə baş verən
siyasi prosesləri də əhatə etdiyini qeyd edib. Bildirib ki, bu gün
Azərbaycanda uğurla davam edən iqtidar-müxalifət dialoqu, yeni
siyasi konfiqurasiyanın genişlənməsi, partiyaların fəaliyyəti üçün
geniş imkanların yaradılması ölkə rəhbərliyi tərəfindən aparılan
ardıcıl siyasi islahatların nəticəsidir. Siyasi partiyaların
qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatına
alınması, yeni siyasi partiyaların yaradılması və qeydiyyatı,
dövlət tərəfindən siyasi partiyalara ofislərin verilməsi, dövlət
media resurslarına çıxışlarının təmin edilməsi siyasi partiyalara
dövlət qayğısının təzahürüdür. Öz növbəsində müxalif siyasi
partiyalar onlara münasibətdə edilmiş bu addımlara adekvat cavab
verməli, yüksək siyasi mədəniyyət və ümummilli məsələlərdə
həmrəylik nümayiş etdirməli, dövlət və dövlətçiliyin qorunmasında
əzmkar olmalı, davamlı inkişafın təmin edilməsində sağlam mövqe
sərgiləməlidirlər. Çoxpartiyalı siyasi sistemin inkişafı üçün bütün
sağlam siyasi qüvvələr öz töhfəsini verməli, partiyalarla
hakimiyyət arasında və partiyalar arasında gündən-günə daha da
dərinləşən siyasi dialoq mədəniyyəti bundan sonra da inkişaf
etməlidir.

Hafiz Hacıyev siyasi dialoq prosesi çərçivəsində keçirilən
görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirib. Qeyd edib ki,
Prezident İlham Əliyev tərəfindən dövlətimizin güclənməsi, yeni
siyasi konfiqurasiyanın inkişafı və iqtidar-müxalifət dialoqunun
davam etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini
dəstəkləyir. O, müxalif siyasi partiyanın rəhbəri olaraq
iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirdiyini və Müasir
Müsavat Partiyasının ölkəmizdə siyasi sistemin inkişafı naminə
atılan bütün addımları gələcəkdə də dəstəkləyəcəyini qeyd edib.

Görüşdə, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə,
ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın uğurlu
xarici siyasəti və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi,
ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda
inkişaf etdirilməsi, müxalif siyasi partiyaların fəaliyyəti və
başqa mövzular ətrafında fikir mübadiləsi aparılıb. 28 May –
Müstəqillik Gününün yüksək səviyyədə keçirilməsi, Azərbaycan və
Türkiyə prezidentlərinin Bakı şəhərində keçirilən texnologiyalar
festivalında iştirakı yüksək dəyərləndirilib.

Teqlər: