Azərbaycan və İran arasında enerji sahəsində yeni layihələr müzakirə olunub

Bu gün Baş nazirin müavini Şahin Mustafayev İran İslam
Respublikasının neft naziri Cavad Ovci ilə görüşüb.

Nazirlər Kabinetindən AzerTimes-a verilən xəbərə görə, Cavad Ovci
Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi
təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanla İran arasında müxtəlif sahələrdə, xüsusilə
iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji,
sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə həyata keçirilən
uğurlu əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib.

İki ölkə arasında ali səviyyəli siyasi dialoqun mövcud olduğu
bildirildi, Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti
Seyid İbrahim Rəisi arasında mütəmadi təmasların dövlətlərarası
münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

C.Ovci İranın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü
hər zaman dəstəklədiyini diqqətə çatdırıb.

Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də
tərəflər arasında əldə olunmuş razılaşmaların və imzalanmış
sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyi
diqqətə çatdırılıb.

Bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı
imkanlar yaratdığı qeyd edilib. Bu baxımdan iki ölkə arasında
martın 11-də imzalanmış İran İslam Respublikasının ərazisindən
keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu
ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya
bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi
vurğulanıb.

Neft-qaz sahəsində uğurlu əməkdaşlığın davam etdiyi bildirilib.
Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli layihəsinin
həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif
sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub,
enerji sektorunda həyata keçiriləcək bir sıra yeni layihələrə dair
fikir mübadiləsi aparılıb.

Teqlər: