Postmüharibə dövrünün reallıqları: Regionun gündəliyini Azərbaycan diktə edir

Dünya çox narahat və mürəkkəb bir dönəmdən keçir. Planetimizin
bugünkü mənzərəsinə nəzər salsaq, o qədər də xoş olmayan səhnələr
görərik. İki ildən çoxdur davam edən pandemiya, zaman-zaman
alovlanan münaqişə və müharibə ocaqları, iqlim dəyişikliyinin
fəsadları, bir-birini əvəzləyən iqtisadi və humanitar
böhranlar…

Sadaladığımız bu və digər qlobal risk faktorları fonunda
Azərbaycanın son dörd ildə qət etdiyi uğur yolu daha cazibədar,
daha möhtəşəm təsir bağışlayır.

İstər daxili, istərsə də xarici siyasət sferalarını əhatə edən
bu uğur yoluna təkcə son dörd ilin prizmasından baxmaq düzgün
olmazdı. Siyasət də canlı təbiət kimidir – bəhrəsini bəzən uzun
illər gözləmək lazım gəlir. Dörd ildə baş verən tarixi hadisələri,
qəbul olunan qərarları, inqilabi səciyyə daşıyan islahatları
bir-bir sadalayası olsaq, buna vaxtımız yetməz. Odur ki, ən mühüm
hadisələrin qısa icmalı ilə kifayətlənməyə məcburuq.

2018-ci il

29 may. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi oldu
12 iyun. TANAP qaz kəməri istifadəyə verildi
26 sentyabr. “Azerspace-2” peyki orbitə buraxıldı

2019-cu il

30 noyabr. TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi
açıldı
25-26 oktyabr. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və
hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi

2020-ci il

27 sentyabr. Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu
genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun
sonradan Vətən müharibəsi adı alan əks-hücum əməliyyatları
başladı.
8 noyabr. Qarabağın tacı Şuşa şəhəri işğaldan azad olundu.
10 noyabr. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya
Prezidenti Dağlıq Qarabağ münaqişə zonasında atəşin və bütün hərbi
əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat
imzaladılar.
31 dekabr. Trans-Adriatik (TAP) boru kəməri ilə Azərbaycan qazının
Avropaya nəqlinə başlandı.

2021-ci il.

20 mart. Prezident İlham Əliyev Cıdır düzündə Novruz tonqalı
yandırdı
5 iyun. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı.
12 noyabr. Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni
təqdim olundu.

2022-ci il.

4 fevral. Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa
İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin
iştirakı ilə videoformatda görüş keçirildi
4 aprel. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildi
7 aprel. Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı
Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü
oldu.

Bu yığcam icmaldan da göründüyü kimi, Azərbaycan dinamik inkişaf
yolunda inamla irəliləyir, Prezidentimiz regionda sülh təşəbbüsləri
ilə çıxış edir, milli maraqları bütün səviyyələrdə qətiyyətlə
qoruyur, mövcud problemlərin həllinə istiqamətlənmiş addımlar
atır.

İlham Əliyevin yeni müddətə prezident seçilməsinin dördüncü
ildönümündə Azərbaycanın və dünyanın siyasi gündəmdə yer alan iki
aktual mövzu – Cənubi Qafqaz regionunda sülh prosesinin Brüssel
formatına keçid və Avropanın enerji xəritəsini dəyişən Cənub qaz
dəhlizi ilə bağlı mülahizə və düşüncələrimi bölüşmək istərdim.

Brüssel formatı. Azərbaycanın post-müharibə dövründəki mövqeyinə
Avropa İttifaqından böyük dəstək

Ötən dörd ilin ən möhtəşəm, ən parlaq hadisəsi hansıdır? Bu
sualı kimə versən, sözsüz ki, belə deyəcək: 44 günlük Vətən
müharibəsi, Qarabağın işğaldan azad olunması.

Doğrudan da çoxəsrlik tariximizdə buna bənzər Zəfər olmayıb.
Təkcə bu Qələbə yetər ki, Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin adı tarixə qızıl hərflərlə yazılsın. Yüz illər boyu
xalqımız torpaq itirə-itirə gəlirdi və ilk dəfə olaraq itirdiyimiz
torpağı – qədim yurd yerimiz Qarabağı düşmən caynağından qurtara
bildik.

Vətən müharibəsi, onun ən təsirli, möhtəşəm məqamlarından biri
olan Şuşa zəfəri barədə çox deyilib, çox yazılıb. Mən də yeri
gəldikcə, öz fikir və düşüncələrimi oxucularla bölüşmüşəm.

İndi isə postmüharibə dövrünü yaşayırıq və bu mərhələnin öz
hədəfləri var. 2020-ci ilin payızında böyük coşqu, sevinc göz
yaşları ilə bayram etdiyimiz Qələbəni siyasi və diplomatik
müstəvidə möhkəmlətmək, regiona sülh gətirmək barədə düşünmək
vaxtıdır. Möhtəşəm Zəfər yeni reallıqlar yaratmışdı və onları
regiondakı bütün oyunçuların, bütün dünyanın qəbul etməsi lazım
idi. Qələbədən sonra atılan addımlara nəzər salsaq, Prezidentimizin
hərb meydanındakı döyüşdən heç də asan olmayan bu işin öhdəsindən
də məharətlə gəldiyini görərik.

Postmüharibə dövründə nizamlamanın ağırlıq mərkəzi Avropa
İttifaqına keçdi. Çünki ATƏT-in Minsk qrupunun 27 illik “0”
fəaliyyəti artıq ona bel bağlamağın mənasızlığını ortaya
qoymuşdu.

Yadıma Prezident İlham Əliyevin Minsk qrupunun həmsədrlərini
münaqişə bitdikdən sonra Bakıda qəbul edərkən onlara dediyi sözlər
düşür: “Mən sizi çağırmamışam…”. Bu, diplomatik bir jest idi və
ondan sonra Minsk qrupunu meydanda görən olmadı və o, tarixin
arxivinə atıldı.

Azərbaycanın döyüş meydanında qələbəsindən sonra Cənubi Qafqazda
yeni fəal oyunçu – Avropa İttifaqı görünməyə başladı. Aİ Şurasının
prezidenti Şarl Mişel Bakıya və İrəvana səfərlər etdi. Ötən ilin
axırlarında Azərbaycan və Ermənistan liderləri Brüsselə dəvət
edildi və Şarl Mişelin iştirakı ilə ilk üçtərəfli görüş baş tutdu.
Nəhayət, bir neçə gün əvvəl – aprelin 6-da Brüsseldə növbəti
üçtərəfli görüş keçirildi.

Azərbaycan diplomatiyasının növbəti uğuru kimi səciyyələndirilən
bu görüş Prezident İlham Əliyevin hadisələrin axarını dəyişməyə
qadir lider olduğunun daha bir əyani təsdiqidir. Sülh təşəbbüsləri
Azərbaycandan gəlir. Yəni Azərbaycan qalib tərəf olaraq hansısa
şərtlər diktə etmir, əksinə, tarixin köhnə səhifəsini qapadaraq
yeni səhifə açılmasını səmimi şəkildə dəstəkləyir. “Münaqişə artıq
öz həllini tapıb, indi Azərbaycanla Ermənistan arasında
münasibətləri nizamlamaq vaxtıdır” – Prezident İlham Əliyevin
qonşularımıza və dünyaya bu xoşməramlı mesajı təbii ki, adekvat
cavabını gözləyir.

Beləliklə, gündəlikdəki əsas məsələ sülh sazişinin
imzalanmasıdır. Azərbaycanın bununla bağlı Ermənistana təqdim
etdiyi beş prinsipi qarşı tərəf də, Avropa cəmiyyəti də məqbul
hesab edir. Qafqaza sülh hansı əsasda gələ bilər, regionun
əməkdaşlıq potensialından hansı ölkələr yararlana bilər?
Prezidentin cavabı kifayət qədər aydın və birmənalıdır: “Qarşılıqlı
olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin
toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası
– hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu
istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda
fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm
ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli
olacaq”.

Analitiklərin fikrincə, Azərbaycan Brüsseldə istədiyinə nail
oldu. Burada Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurası
prezidentinin şəxsi zəmində, qarşılıqlı etimada söykənən
münasibətləri, eləcə də Aİ ilə Azərbaycan arasında getdikcə
dərinləşən əlaqələr öz sözünü dedi.

Təsadüfi deyil ki, Brüssel görüşü dünya mətbuatının diqqət
mərkəzində idi. Türkiyənin Anadolu, Almaniyanın “dpa”, İspaniyanın
EFE, Belçikanın RTL, İranın “Tasnim”, “Mehr news” agentlikləri,
həmçinin Ukrayna, Moldova, Gürcüstan, Misir və digər ölkələrin
aparıcı xəbər portalları və nəşrləri Prezident İlham Əliyevin Aİ
Şurasının sədri Ş.Mişel və Ermənistanın baş naziri N.Paşinyanla
apardığı danışıqlara geniş yer ayırdı. Bizim üçün çox
qürurvericidir ki, bu xəbərlərin əksəriyyəti AZƏRTAC-a istinadla
yayılırdı.

Azərbaycan Prezidentinin postmüharibə dövründəki mövqeyi ilə
Şarl Mişelin Brüssel görüşünün nəticələrinə dair bəyanatını
müqayisə etsək, üst-üstə düşən bir çox nöqtələr, məqamlar
görəcəyik. Bu gün Azərbaycan regionun gündəliyini diktə edən
tərəfdir və Prezident İlham Əliyevin beynəlxalq hüquqa söykənən
mövqeyinə bir çox beynəlxalq təşkilatlarda, o cümlədən dünyanın güc
mərkəzlərindən biri olan Avropa İttifaqında hörmətlə yanaşılır.
Artıq “Dağlıq Qarabağ” termini siyasi leksikondan çıxıb, statusdan
danışan yoxdur. Azərbaycan hər iki məsələdə qəti mövqe sərgiləyərək
bu mövzuları qapadıb.

Brüssel görüşündə Ermənistan tərəfinin – baş nazir Nikol
Paşinyanın arxa planda qaldığı da açıq-aşkar görünürdü.
Azərbaycanın mövqeyi gücləndikcə, Ermənistana olan dəstək hər
mənada azalır. Bu da ona Azərbaycanla sülh sazişinə getməkdən başqa
yol qoymur.

Cənub Qaz Dəhlizi. Avropanın enerji xəritəsini dəyişən
möhtəşəm layihə

2020-ci ilin son günü – dekabrın 31-də Trans-Adriatik Qaz Boru
Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunmağa
başladı. Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycanın
yaxından iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi tarixə XXI
əsrin ən böyük layihələrindən biri kimi düşdü və Avropanın enerji
xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi.

Bu günün, eləcə də yaxın gələcəyin prizmasından baxılarsa, bu
qaz dəhlizinin reallaşması tarixi hadisə sayıla bilər. Xüsusən
TAP-ın tikintisi çətin və mürəkkəb geosiyasi şəraitdə həyata
keçirilib. Azərbaycan Prezidentinin gərgin səyləri ilə bir neçə
ölkə və aparıcı maliyyə qurumlarını, necə deyərlər, bir komanda
şəklində səfərbər etmək sayəsində mümkün olub.

Cənub Qaz Dəhlizi, həmçinin siyasi uzaqgörənliyin bariz nümunəsi
hesab edilə bilər. Layihənin təməlinin atıldığı 2014-cü ildə
beynəlxalq vəziyyət indikindən xeyli fərqli idi, Avropanı qarşıda
dərin enerji böhranı gözlədiyini yəqin ki, çoxları bilmirdi.

Həmin vaxtdan səkkiz il keçir. Bu gün Rusiya-Ukrayna müharibəsi
bir çox qlobal risklərlə müşayiət olunur. Qərbin Rusiyaya qarşı
misli görünməmiş sanksiyaları Rusiya neftindən və qazından
əhəmiyyətli dərəcədə asılı olan Avropa İttifaqı ölkələrində ciddi
narahatlıq doğurub. Onlar qaz tədarükünün alternativ mənbələrini
axtarır, mümkün şaxələndirmə variantları barədə düşünürlər. Baxın,
bir tərəfdən qazın fantastik həddə çatan qiymətləri (bir müddət
əvvəl Avropa bazarında 1000 kubmetr qazın qiyməti 3000 dolları
ötmüşdü), digər tərəfdən yanacaq qıtlığı Avropanı silkələyir. Belə
bir həssas dönəmdə karbohidrogen ehtiyatları ilə zəngin, strateji
neft-qaz boru kəmərlərinə sahib Azərbaycan diqqəti cəlb etməyə
bilməzdi. Prezidentimizin dediyi kimi, Cənub Qaz Dəhlizinin
əhəmiyyətini indi bizə nisbətən Avropada daha aydın görürlər.

Son vaxtlar belə bir fikir tez-tez səslənir ki, Avropa
İttifaqının Cənubi Qafqaz regionunda sülh və sabitlik yaradılmasına
yönəlik təşəbbüsləri, bu kontekstdə Azərbaycanın mövqeyini və
səylərini dəstəkləməsi məhz neft-qaz faktorundan qaynaqlanır. Digər
tərəfdən, Azərbaycan artıq 10-15 il əvvəlki ölkə deyil ki, onun
mənafelərinə etinasızlıq göstərilsin. Avropa İttifaqı Şurasının
prezidenti cənab Şarl Mişel regionda yaranan bu yeni reallıqları
görür və qəbul edir.

Kəskin enerji böhranı ilə üz-üzə qalmış Aİ Bakıya böyük ümidlə
baxır. Hərçənd, hazırda Azərbaycandan Avropaya qaz ixracının həcmi
o qədər də böyük deyil. Əvəzində böyük perspektivlər, Orta Asiya
qazının Azərbaycan üzərindən nəqli imkanları var. Hətta mövcud boru
kəmərlərinin buraxılış gücünü artırmağın vacibliyi, yenilərini
çəkməyin mümkünlüyü barədə söhbətlər gedir. Yəni avropalı
tərəfdaşlarımız Azərbaycanın strateji imkanlarını görür, öz
siyasətlərində mövcud reallıqlara uyğun korrektələr edirlər.

Bu yanaşma özünü təxminən iki ay əvvəl Bakıda keçirilmiş Cənub
Qaz Dəhlizi toplantısında da açıq şəkildə göstərirdi. Toplantıdakı
çıxışında Prezident İlham Əliyev Bakıya təşrif gətirmiş nazirlərə,
Aİ-nin yüksəkvəzifəli şəxslərinə Azərbaycan qaz ehtiyatları barədə
məlumatları çatdırdı: “Şahdəniz” – 1 trilyon kubmetr, “Babək” – 400
milyard kubmetr, “Ümid” – 200 milyard kubmetr. Azərbaycanın isbat
edilmiş qaz ehtiyatları ümumilikdə 2,6 trilyon kubmetr təşkil edir
ki, bu da kiçik həcm deyil (nəzərə alaq ki, bu il üçün cəmi 19
milyard kubmetr qaz ixracı nəzərdə tutulur).

İndi isə heç bir şərh vermədən Avropa Komissiyasının enerji
məsələləri üzrə komissarı Kadri Simsonun toplantıdakı çıxışından
bir hissəni təqdim etmək istərdim: “Etibarlı, rəqabətcil və qəbul
edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər
qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac
duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz
təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt
görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz
Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri
kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki,
dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi
baxımdan genişləndirə bilərmi?”.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə
avropalı həmkarlarının ümumi rəyini ifadə edərək deyir: “Hazırda
Mərkəzi Avropada enerji mənbələrinin şaxələndirilməsi imkanlarına
baxdıqda görürük ki, buna nail olmaq üçün ən müvafiq, ən real mənbə
Azərbaycan qazıdır”.

Zəmanəmizin getdikcə sərtləşən çağırışları və qlobal iqtisadi
risklər fonunda Azərbaycanın etibarlı tərəfdaş olaraq cazibədarlığı
hər ötən il daha da artır. Bu, Prezident İlham Əliyevin illər uzunu
yürütdüyü çevik və praqmatik siyasətin artıq gözlə görünən
nəticələridir. Vaxtilə ikili standartlarından əziyyət çəkdiyimiz
Qərb, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayan
Avropa, nəhayət, üzünü ədalətə, haqlı tərəfə çevirir, kimin kim
olduğunu görməyə başlayır.

İnformasiyanın gücü. Media-cəmiyyət münasibətlərində
yeni mərhələyə keçid

Prezident İlham Əliyevin siyasi fəaliyyətində mühüm yer tutan,
hər zaman gündəmdə olan daha bir aktual mövzu barədə də
düşüncələrimi bölüşmək istərdim.

XXI yüzilliyi informasiya əsri adlandırırlar. Münaqişə və
müharibələrin alovlandığı müasir dövrümüz həm də informasiya savaşı
ilə səciyyəvidir. İnformasiya öz gücünü hər addımda, hər yerdə
göstərir. Bu baxımdan yeni cəmiyyət düzənində onun yerinin və
rolunun dəqiq, mövcud reallıqlar nəzərə alınmaqla
müəyyənləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

Təxminən 50 ildir mətbuatda çalışan, müxtəlif dövrlərdə KİV
sferasında hökm sürən ziddiyyətlərin, baş verən eniş və
yüksəlişlərin bilavasitə şahidi olan bir jurnalist kimi təbii ki,
bu mövzu mənə daha yaxındır. Azərbaycanın media siyasətinin
əsasları müstəqillik dövründə, hələ ondan da öncə ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulmuşdu. Mən bu dahi insanın AZƏRTAC-ın
timsalında mətbuata, informasiyanın əhəmiyyətinə verdiyi önəmə
şəxsən şahidəm. Bu barədə xatirələrimi agentliyin 100 illik
yubileyində bölüşmüşəm.

Əlbəttə, dövrlər fərqlidir, dünya və onun ayrılmaz hissəsi olan
İKT başgicəlləndirici sürətlə dəyişir. Biz informasiyanın onun
təsir gücünü öz təcrübəmizdə – Vətən müharibəsinin gedişində daha
yaxından gördük. Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycanın
qapıları dünya mediasının üzünə taybatay açıldı: 44 gündə xarici
KİV-ə 30-a yaxın müsahibə! Bu, fenomendir, dünya tarixində nadir
görünən hadisədir. Nüfuzlu, çox geniş auditoriyaya malik xarici
telekanallar, xəbər agentlikləri, qəzetlər Azərbaycan Prezidenti
ilə söhbətə can atırdılar. Onların arasında qərəzli, dost olmayan
KİV-lər, reportyorlar da vardı. Lakin Prezidentimiz bütün hallarda
kamera, mikrofon önünə keçir, əsil həqiqəti və ədaləti mümkün qədər
çox tamaşaçıya, oxucuya çatdırmaq üçün hər bir fürsəti
dəyərləndirirdi. Hazırcavablılığı, dərin biliyi, yüksək intellekti
nəticəsində auditoriyanı dərhal ələ ala bilir, münaqişə və Qarabağ
barədə həqiqətləri səbir və təmkinlə çatdırırdı. İlham Əliyev öz
müsahibələrində təkcə dövlət başçısı, Ali Baş Komandan kimi deyil,
tarixçi, strateq, konfliktoloq kimi çıxış edir, dünyaya onun başa
düşəcəyi dildə mesajlar verirdi.

Nəticə göz önündədir. Dünya həqiqətin, ədalətin harada, kimin
tərəfində olduğunu tədricən anlamağa başladı. Ermənilərin
onilliklər boyu uydurduqları və şüurlara yeritdikləri yalanlar,
miflər göz önündə sabun köpüyü kimi əriyirdi. İstənilən halda
müharibəni qəbul etməyən beynəlxalq aləm, dünya ölkələri (bir neçə
ermənipərəst təşkilat və ölkə istisna olmaqla) Azərbaycana haqq
qazandırır, yaxud neytral mövqe tuturdular. Azərbaycanın vuran əli
beləcə güclənir, ifşa olunan Ermənistan getdikcə təklənirdi.
Mübaliğəsiz demək olar ki, informasiya savaşında bu üstünlük
Qarabağ Zəfərini şərtləndirən əsas faktorlardan biri oldu,
Qələbəmizdə silahdan, döyüşən ordudan heç də az rol oynamadı.

Postmüharibə dövründə Azərbaycanın informasiya mühitinə bir
yenilənmə ruhu hakimdir. Mediaya yanaşmada, media ilə təmaslarda
istiləşmə müşahidə olunur. Əlbəttə, buna yön verən ölkənin birinci
şəxsidir – Prezident İlham Əliyevdir. Eləcə də, Birinci
vitse-prezident Mehriban Əliyevanın müharibə dövründə medianın
uğurlu, döyüşkən fəaliyyətinə görə KİV nümayəndələrinə
minnətdarlığını da bu qəbildən hesab etmək olar.

Son vaxtlar yeniləşən cəmiyyətimizdə KİV-in yerinin və rolunun
müəyyənləşdirlməsi, ölkə mediasının modernləşdirilməsi
istiqamətində atılan effektiv, davamlı addımların şahidiyik.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media
sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12
yanvar tarixli Fərmanı da məhz bu hədəflərə yönəlmiş mühüm
sənəddir. Bununla da Azərbaycan mediasının qlobal informasiya
mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq
modernləşməsini, qabaqcıl texnologiyaların geniş tətbiqini, aparıcı
trendlərin izlənilməsini və digər mühüm şərtləri özündə birləşdirən
innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnməsini,
cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət
edən fəaliyyətin stimullaşdırılmasını nəzərdə tutan əsaslı
islahatlar prosesinə start verilmiş oldu. Azərbaycanda dünya
standartlarına uyğun KİV-in formalaşmasına yol açıldı. Mediamız
informasiya sahəsində yeni trendləri daha çevik tətbiq etməklə
qlobal informasiya məkanına daha sürətlə inteqrasiya etməyə
başladı.

Bu kontekstdə Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyi” publik hüquqi şəxsin yaradılması və “Media haqqında”
Qanunun qəbul edilməsi ölkə mətbuatı tarixində əlamətdar hadisə
kimi dəyərləndirilə bilər. Bu qanunun qəbul edilməsi sayəsində
cəmiyyət-KİV, dövlət-media münasibətlərinin müasir dövrün
tələblərinə uyğun, daha sivil normalarla nizamlanması ilə
səciyyələnən bir dövrə keçid edirik.

Prezident İlham Əliyevin bu ilin yanvarında jurnalistlərlə
görüşü zamanı səsləndirdiyi fikir onun mətbuatın inkişafı, medianın
ictimai nəzarət funksiyası ilə bağlı mövqeyini ifadə etmək
baxımından xarakterikdir: “Deyə bilərəm ki, mən bəzən xoşagəlməz
hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və
dərhal reaksiya verilir… Ona görə dövlət məmurları bilməlidirlər,
onların işinə təkcə Prezident Administrasiyası yox, həm
ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Eyni zamanda, Prezidentimizin Azərbaycan mətbuatında önəmli yer
tutan ilk milli xəbər agentliyimizə – AZƏRTAC-a diqqət və qayğısı
bütövlükdə ölkə mediasına göstərilən diqqət sayıla bilər.

Bu ilin ilk günlərində agentliyimizin ofisi Prezidentimizin
Sərəncamına əsasən tikilmiş yeni binaya köçüb. Bu gözəl, müasir
standartlara uyğun binada 225 əməkdaşımız üçün lazımi iş şəraiti
yaradılıb. Kollektivimizin istifadəsinə ən müasir texnologiyalar
verilib. Binaya baxış keçirən Prezident İlham Əliyev burada
yaradılan şəraiti yüksək qiymətləndirdi.

İlham Əliyev mətbuata, jurnalistlərə açıq dövlət başçısıdır.
Tarixdə bunun bir çox nümunələri var (ən parlaq nümunə təbii ki,
Vətən müharibəsi dövründəki çoxsaylı müsahibələrdir). Son vaxtlara
gəlincə, Prezidentimiz yerli telekanalların müxbirləri ilə
görüşərək onların suallarını cavablandırıb, AZƏRTAC-a iki müsahibə
verib.

Bu sıraya söz və mətbuat azadlığının daim genişlənən hüdudlarını
da əlavə etsək, milli mətbuatımızın məmnunluq doğuran müasir
mənzərəsi qismən tamamlanar. Bu azad, şəffaf, Avropa standartlarına
uyğun mətbuat aləmi Prezidentimizin siyasi iradəsinin nəticəsi,
Azərbaycanı yetkin informasiya cəmiyyəti kimi görmək istəyinin
ifadəsidir.

X X X

Otuzillik işğala hərbi-siyasi yolla son qoymağa nail olan,
ölkəsini və xalqını qlobal böhran və risklərin təsirindən maksimum
dərəcədə qoruyan, regionda və dünyada söz sahibi olan Prezident
İlham Əliyevin müdrik və praqmatik siyasəti Azərbaycanı daim irəli
aparır. Tariximizin son dörd ili bu baxımdan xüsusilə əlamətdardır.
İlham Əliyev anında və məqamında edilmiş diplomatik gedişlərlə
hadisələrin axarını məqbul məcraya yönəldə bilir. Uğur yolunu məhz
gələcəyə hesablanmış bu siyasət şərtləndirir və ölkəmizin sabaha
daha nikbin nəzərlərlə baxmağa əsas verir.

Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə tarix yazmaqda
davam edir.

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin
sədri,

OANA-nın vitse-prezidenti

Teqlər: