Polis əhalinin cərimələnməsində maraqlı deyil – DİN

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri artıq 2 ildən çox
davam edən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində polis
əməkdaşlarının tibbi maskadan istifadə etməyən şəxslər barədə
inzibati protokollar tərtib etmələrinin əsassız olmasını müzakirə
edir, postlar paylaşırlar.

AzerTimes-ın məlumatına görə,
bununla əlaqədar DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov
ictimaiyyət və media nümayəndələrindən daxil olan suallara cavab
verib:

“Bir daha vurğulamaq istərdim ki, bütün dünyada olduğu kimi
Azərbaycanda da koronavirus pandemiyası hələ də aktivdir və ona
görə də bu qorxunc xəstəliklə mübarizə bu gün də davam edir. O da
danılmaz faktdır ki, hazırda COVID-19 virusuna yoluxanların və bu
virusdan vəfat edənlərin sayında müşahidə olunan kəskin azalma elə
məhz həkimlərin və polis əməkdaşlarının fasiləsiz, əzmkar
fəaliyyətlərinin nəticəsində olub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ
Qərargah bu sahədəki vəziyyətlə bağlı mütəmadi məlumatlar yayır və
aradan qaldırılan, eləcə də qüvvədə olan qadağaları elan edir.
Qərara əsasən vətəndaşların qapalı məkanlarda, ictimai nəqliyyatda
tibbi maskalardan istifadə etmələri hələ ki mütləqdir. Operativ
Qərargahın qəbul etdiyi bu qərarların icrası, nəzarəti isə polis
əməkdaşları tərəfindən təmin edilir. Polis əməkdaşları tərəfindən
Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qərarların
icrası həmişə olduğu kimi bundan sonra da davam ediləcəkdir. İki
ildən artıq müddətdə nəzarət və profilaktik tədbirləri həyata
keçirən polis əməkdaşları heç vaxt əhalinin cərimələnməsində
maraqlı olmayıb və hazırda da maraqlı deyillər. Onlar daha çox
xəbərdarlıqlara və profilaktikaya üstünlük verirlər. Danılmaz
həqiqətdir ki, gün ərzində maskadan istifadə etməyən yüzlərlə
insanın çox az qisminə qarşı protokol tərtib edilirsə, qalan böyük
əksəriyyətinə şifahi xəbərdarlıq edilməsi ilə kifayətlənilir.

Ona görə də ictimai asyişin, təhlükəsizliyin təmini ilə paralel
insanların sağlamlıqlarının qeydinə qalan, onları koronavirus kimi
bir bəladan qoruyan polis əməkdaşlarının qınanılmasını ən azından
qeyri obyektiv bir yanaşma tərzi hesab edirəm. Mən bir daha
vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın
pandemiya ilə bağlı qəbul etdiyi qərarları anlayışla qarşılamağa,
onlara riayət etməyə dəvət edirəm.

O qərarlardan irəli gələn tələb və qadağalar bizim hər birimizin
sağlamlığı naminə qəbul edilib. Öz sağlamlıqlarını riskə qoyaraq
vətəndaşlarımızı bu qorxunc xəstəlikdən qoruyan polis əməkdaşlarını
əsassız olaraq qınamaqdansa, gəlin qaydalara hamılıqla riayət
edək.

Yeri gəlmişkən COVID-19 ilə əlaqədar tətbiq edilən bütün qayda
və qadağaları anlayışla qarşılayıb onlara riayət edən hər bir
vətəndaşımıza təşəkkürümüzü bildiririk”.

Teqlər: