Piter Cekson “Forbes”un ən çox qazanan məşhurlar siyahısına birinci yeri tutub

Yeni Zelandiyalı rejissor Piter Cekson təqvim ili ərzində 580 milyon dollar qazanıb və bu göstəriciyə görə dünyanın digər məşhurları arasında birinci yeri tutub.

AzerTimes-ın məlumatına görə, şou-biznesin ən çox qazanc əldə edən nümayəndələrinin siyahısı çərşənbə günü “Forbes” jurnalında dərc olunub.

“Üzüklərin Rəbbi” (The Lord of the Rings) trilogiyasının rejissoru Piter Cekson noyabrın 10-da özünün kino sənayesində ən tanınmış studiyalardan biri olan Weta Digital xüsusi effektlər studiyasını Amerikanın proqram təminatı üzrə Unity Software kompaniyasına 1,6 milyard dollara satdığını elan etmişdi. Məhz bu sövdələşmə “Forbes”in siyahısında Ceksonu liderliyə yüksəldib, onu, həmçinin Stiven Spilberq və Corc Lukasdan sonra üçüncü milyarder rejissor edib.

Siyahıda ikinci yeri amerikalı ifaçı Bryus Sprinqstin tutub. Nəşr qeyd edir ki, müğənni öz mahnılarının bütün kataloqunun hüququnu “Sony” kompaniyasının musiqi bölməsinə 500 milyon dollara satıb.

İlk beşlikdəki digər üç yerdə müvafiq olaraq amerikalı rep ifaçısı Cey Zi (340 milyon dollar), “Qaya” təxəllüsü ilə tanınan aktyor və restler Dueyn Conson (270 milyon dollar) və amerikalı müğənni Kanye Uest (235 milyon dollar) qərarlaşıb.

Hesabat dövründə şou-biznesin ən çox qazanc əldə edən 25 təmsilçisinin ümumi gəliri 4,4 milyard dollar təşkil edib.