Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, vətəndaşların
rahat gediş-gəlişinin təmin olunması istiqamətində Pirallahı
rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
ümumi uzunluğu 4.6 km olan üç küçə təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
Trend-ə verilən məlumata görə, təmir işləri rayonun Kamil
Rzayev (2.26 km), Yavər Əliyev (1.76 km) küçələri və 39-cu
məhəllənin yollarında aparılıb.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələrdə
deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu
işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə
salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol
əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi
işləri icra olunub.
Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama
xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə
vətəndaşların istifadəsinə verilib. İşlər agentliyin rəhbərliyinin
nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən
aparılıb.
Təmir işlərinin aparıldığı ərazinin sahəsi 27,600 kv.m təşkil
edib.
Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun
olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da
təmir işlərinin aparılması nəzərdə tutulur.