ADU-da Ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun açılış mərasimi olub (FOTO)

Mayın 6-da Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan
Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı
ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və
Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq
simpoziumun açılış mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları
Azərbaycan Dillər Universitetinin foyesində ulu öndər Heydər
Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla
anıblar.

Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə
nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin
azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni
bir istiqamətin – mədəniyyət transferi sahəsinin yaranmasına
gətirməsi təşkil edir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal
Abdulla simpoziumun əhəmiyyətindən danışıb, qloballaşma prosesinin
akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı
sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini
öyrənən yeni bir istiqamətin – mədəniyyət transferi sahəsinin
yaranması ilə bağlı fikirlərini bölüşüb:

“Bu gün bizim üçün çox gözəl bir gündür. Azərbaycanı və
azərbaycanlıları sevənlər üçün bu günün xüsusi əhəmiyyəti var.
Simpozium Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunub. Bu konfrans Avropa ilə Qafqaz arasında bir
elmi körpü rolunu oynayır. Almaniyadan, Niderlanddan, Fransadan,
Gürcüstandan və başqa ölkələrdən gələn həmkarlarımızı səmimi
qəlbdən salamlayıram. Ümid edirəm bizim əməkdaşlığımız konfransdan
sonra da davam edəcək. Həm Azərbaycan Dillər Universitetinin, həm
də Bakı Slavyan Universitetinin auditoriyalarından konfransda
iştirak edən dünyaca tanınmış alimlərin səsi ucalacaq. Konfransın
təşkilində bizə yaxından kömək edən hər bir əməkdaşa təşəkkür
edirəm”.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
konfranslar bağlı fikirlərini bölüşüb. Bildirilib ki, konfrans
böyük əhəmiyyətə malikdir, müəllim və tələbələrin elmi biliklərinin
inkişafı istiqamətində xüsusi rol oynayacaq. Qonaq beynəlxalq
səviyyəli elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara,
təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis
müəlliflərinə təşəkkürünü bildirib.

Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru Anar Nağıyev simpozium iştirkaçılarına yeni elmi
istiqamətlərin və elmi tədqiqatların önəmindən, gənc alimlərin bu
simpoziumda iştirakının vacibliyindən söz açıb. Gələcək elmi
əməkdaşlıq və müəllim-tələbə mübadiləsi yönündə görüləcək işlərin
bu simpozium vasitəsilə ilkin başlanğıc olacağını qeyd edib.
Konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti
tərəfindən böyük maraq göstərildiyini qeyd edən rektor Anar Nağıyev
təşkilati işlərin yüksək səviyyədə aparıldığını söyləyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
Rəvan Həsənov konfransın əhəmiyyətindən söz açıb. Vurğulanıb ki,
konfransda dünyanın bir çox ölkəsindən olan alim və professorlar
iştirak edir. Bu da konfransın işinə və önəminə xüsusi təsir etmiş
olur. Elmi əməkdaşlığın qurulmasının vacibliyindən danışan Rəvan
Həsənov gələcəkdə bu kimi konfransların davamlı olacağına
inandığını söyləyib.

Simpoziumda Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayerl
çıxış edərək qarşılıqlı əməkdaşlığın faydalarında söhbət açıb.
Səfir universitet rəhbərliyini və kollektiv üzvlərini universitetdə
beynəlxalq elmi konfransın keçirilməsi münasibətilə təbrik edib və
tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Simpoziuma İtaliyadan iştirakçı kimi qoşulan Germanistika üzrə
Beynəlxalq Assosiasiyasının prezidenti Laura Auteri yeni əməkdaşlıq
əlaqələrinin gələcək inkişaf istiqamətlərinə toxunub. Qonaq elmi
potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən birgə
tədbirlərdən danışıb, konfrans çərçivəsində irəli sürüləcək və
dayanıqlı inkişafa fayda qazandıracaq yeni fəaliyyət təşəbbüsləri
üzrə universitetlər arasında hərtərəfli əməkdaşlığa hazır olduğunu
diqqətə çatdırıb.

Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvars
bildirib ki, tədbir yüksək səviyyədə təşkil olunub. Elmi tədqiqat
üçün əlverişli imkanlar yaradılıb. Qeyd olunub ki, konfransın
beynəlxalq tərədaşlıq çərçivəsində keçirilməsi yeni elmi biliklərin
və təcrübələrin əldə olunmasına köməklik etmiş olacaq.

ADU-nun məzunu, Azərbaycanın Almaniyada sabiq səfiri olmuş
Hüseynağa Sadıqov konfransın uğurla keçirildiyini və elmi
əməkdaşlıq baxımından böyük əhəmiyyətə malik olmasını qeyd edib.
Vurğulanıb ki, beynəlxalq münasibətlərin qurulmasında dillərin
öyrənilməsi və elmi mübadilələrin aparılması vacib
məsələlərdəndir.

Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan,
Gürcüstan və s. ölkələrin müxtəlif universitetlərindən olan alim və
professorlar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak
ediblər.

Simpozium çoxşaxəli elmi yaradıcılıq imkanlarının müəyyən
olunmasında və istedadlı alimlərin yetişməsində xüsusi rol
oynayır.

Bildirilib ki, nümayiş olunan filmlər və təqdim olunan kitablar
simpoziumun proqramına rəngarənglik qatır.

Simpozium çərçivəsində iştirakçılar Şamaxıda səfərdə olacaq,
mühazirə və seminarlarla çıxış edəcəklər. Qeyd etmək lazımdır ki,
simpoziumda təqdim olunan mövzular öz aktuallığı ilə seçilir.
Simpozium bölmə iclasları, kitab təqdimatları və mühazirələrlə
davam edib.

Teqlər: