“Petkim” rekord xalis mənfəət əldə edib

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə
müəssisəsi olan “Petkim” 2021-ci ilin maliyyə göstəricilərini
açıqlayıb.

AzerTimes-ın məlumatına görə,
hesabata əsasən “Petkim” 2021-ci ili həm dollar, həm də TL
ifadəsində mənfəət rekordu ilə başa vurub və 5,5 milyard TL xalis
mənfəət əldə edib. “Petkim” 2021-ci ildə ümumi satış həcmini
2020-ci ilin göstəriciləri ilə müqayisədə 137% artıraraq 28,7
milyard TL-yə yüksəldib.

“Petkim”in məhsul portfelinin bu uğurda böyük rol oynadığını
bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və
“Petkim”in baş direktoru Anar Məmmədov 2020-ci ildə olduğu kimi,
2021-ci ildə də gigiyena ehtiyaclarına, xüsusilə qablaşdırma
materiallarına tələbatın artdığını bildirib: “”STAR” NEZ-in
fasiləsiz istehsalı sayəsində “Petkim”in istehsal potensialından
istifadə əmsalı 2020-ci ildə 87,9% olduğu halda 2021-ci ildə
92,6%-ə yüksəldi. Pandemiya zamanı qoyulan məhdudiyyətlərə
baxmayaraq, xüsusilə ixrac edən yerli istehsalçıların istehsal
əməliyyatlarının ləngiməməsi üçün tədarükü davam etdirdik”.


“Petkim” əvvəlki dövr ilə müqayisədə məhsul satışları ilə yanaşı
kommersiya satışlarını da artırıb. Ümumi satış həcmində 33%-dən
artıq payı olan kommersiya satışları 65 milyon dollar mənfəət
gətirib. Anar Məmmədov 2020-ci ildə pandemiya ilə bağlı mövcud
qeyri-müəyyənliklərə hazır olmaq məqsədilə likvidliyi
gücləndirdiklərini, 2021-ci ildə likvidliyi optimallaşdıraraq
maliyyə xərclərini azaltdıqlarını, bununla da qısamüddətli borcları
əvvəlki ilə nisbətən 460 milyon dollar azaltdıqlarını bildirib:
“Ötən il maliyyə risklərinin effektiv idarə olunması ilə xalis faiz
xərclərimizi də azaltmağa nail olduq. Bu uğura töhfə verən digər
bir amil isə dəyər yaratma və optimallaşdırma təşəbbüsləri
proqramını gücləndirərərək davam etdirməyimizdir.”

A.Məmmədov digər yüksək nailiyyətlərdən də danışıb: ”İllik
mənfəətimizə görə hesablanan 1,1 milyard TL korporativ vergi ilə
Türkiyə iqtisadiyyatı üçün də mühüm bir maliyyə dəyəri yaratdıq.
Ötən ilin sevindirici hadisələrindən biri də strateji investisiya
təşviq sənədinin müddətinin və həcminin artırılmasıdır. Eləcə də
ESG reytinqində müvafiq kateqoriya üzrə dünyanın ilk 10 şirkəti
siyahısına düşməyə müvəffəq olduq”, – deyə A.Məmmədov
bildirib.

Teqlər: