“Pegasus” Rusiyadan Türkiyəyə uçuşları bərpa etmək qərarına gəlib

“Pegasus Airlines” aviaşirkəti Rusiyadan Türkiyəyə bilet
satışını bərpa edib.

AzerTimes-ın məlumatına görə, bu barədə aviadaşıyıcının saytında
bildirilir.

Aprelin 11-12-də Moskvadan İstanbul və Antalyaya,
Sankt-Peterburqdan İstanbula uçuşların bərpası planlaşdırılır. Belə
ki, Domodedovo hava limanından uçuşlar gündəlik həyata keçiriləcək,
bazar ertəsi, çərşənbə və şənbə günləri iki birbaşa reys elan
edilib.

Sankt-Peterburqdan uçuşların Airbus A320 və Boeing 737-800
təyyarələri ilə həyata keçirilməsi planlaşdırılır, səyahət müddəti
4 saat olacaq. Sərnişinlər uçuşlardan həftədə dörd dəfə: çərşənbə
axşamı, cümə axşamı, cümə və bazar günləri yararlana
biləcəklər.

May ayında aviaşirkət Krasnodar, Mahaçqala və Qroznıdan
Türkiyəyə uçuşları bərpa etməyi planlaşdırır.

Xatırladaq ki, Türkiyə “Pegasus Airlines” aviaşirkəti martın
13-də Rusiyaya uçuşları dayandırıb. Şirkət rəhbərliyi bu qərarın
Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyaları ilə bağlı
“əməliyyat risklərindən” irəli gəldiyini izah edib.