Xəbər - Trend
2020-ci ildən bu günə qədər davam edən pandemiya şəraitinin
artıq yumşaldılması prosesi müsbət tendensiya ilə davam edir.
Bunu AzerTimes-a açıqlamasında “Azərbaycan Turizm Assosiasiyası”
(AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov
deyib.
Onun sözlərinə görə, Azərbaycan 70-dən çox ölkə ilə pandemiyaya
görə bağlanmış və məhdudlaşdırılmış hava sərhədlərini açıb.
“Ümid edirik ki, yaxınlarda quru sərhədləri də açılacaq. Bu
turizmin inkişafına müsbət təsir edəcək.
PCR testi tələbinin ləğv edilməsi ölkəmizə gələn turistlərin
sayına da müsbət təsirini göstərəcək. Biz bunun bir müddət sonra
şahidi olacağıq. Qarşıdan yay mövsümü gəlir. İnsanlar daha çox
yayda istirahət etməyə üstünlük verirlər. Buna görə də turistlər
PCR testinə əlavə xərc çəkmədən gəlib ölkəmizə istirahət edəcəklər.
Düşünürəm bu qərar vaxtında verilmiş qərardır. Qərara əsasən keçən
ildən fərqli olaraq bu il daha çox ölkəmizə turist cəlb edə
biləcəyik”, – Ə.Qurbanov deyib
Qeyd edək ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli
qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən Azərbaycana
giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv
olunub.