Paytaxtda ümumşəhər daxili iməcliyi keçirilib (FOTO)

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq yaz mövsümü
ilə əlaqədar aprelin 2-də Bakı şəhərinin ərazisində təmizlik və
abadlıqla bağlı ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı
ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını
əhatə edib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iməclik zamanı
paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və
küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq
dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların
fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması
həyata keçirilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən
ictima-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və
avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə,
mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və
vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman
yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra
Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların
kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak
ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları
tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı
ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi
yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar
ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib,
təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron
iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngbərəng
güllərdən yaraşıqlı kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və
parklarda qazon örtüyünün yenilənməsi aparılır. Mərkəzi Nəbatat
Bağında və Mərdəkandakı Dendrologiya Bağında keçirilən iməclikdə
buradakı ağac və yaşıllıqlara qulluq göstərirlib, təmizlik işləri
görülüb.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin
texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını
aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında,
həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı
konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri
görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında
keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması
üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam
etdiriləcəkdir. Bu kimi təmizlik və abadlıq işləri, yeni
yaşıllıqların salınması paytaxtımız Bakı şəhərinin daha da
gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.

Teqlər: