Payızlıq əkinlərə görə 60 milyon manatdan çox subsidiya ödənilib

Xəbər - Samir Əli – Trend:

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021-2022-ci il
payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
fevralın 15-də AKİA tərərindən payızlıq əkinlərə görə 159500
fermerə ümumilikdə 61.836.000 manat subsidiya ödənişi həyata
keçirilib. Subsidiyalar kənd təsərrüfatı məhsulları
istehsalçılarının “Fermer kartı”na köçürülüb. Qanunvericiliyə uyğun
olaraq, fermerlər karta köçürülmüş vəsaitini 25 faizini bankomatlar
vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə gübrə,
pestisid, herbisid, toxum və digər kənd təsərrüfatı istehsal
vasitələri almaq üçün sərf edə bilərlər.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə
taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat
subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar təxminən 300 min
hektara yaxın əkin sahəsini əhatə edir.

Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk
subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə
ödənilib.

Payızlıq əkinlərə görə subsidiyalar təsərrüfat ilinin əvvəlində,
fermerlərin aqrotexniki qulluq qaydaları apardığı müddətdə
ödənilir. Subsidiyaların fevral-mart aylarında ödənilməsi
fermerlərə təsərrüfat fəaliyyəti zamanı vəsaitə olan ehtiyacını
təmin edir.


Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq
sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa
çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin
nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin
surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər
həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada
həyata keçiriləcək. Payızlıq əkinlərə görə subsidiya ödənişlərinin
ən optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

AKİA tərəfindən bu gün həmçinin süni mayalanma yolu ilə alınmış
buzovlara görə, təsərrüfat sahiblərinə subsidiyaların ödənişi də
həyata keçirilib. EKTİS üzərindən 4993 fermerin kartına ümumilikdə
499300 manat subsidiya köçürülüb.

Subsidiyaların ödənişi davam edəcək.

Teqlər: