Paris də Minsk qrupunun sıradan çıxdığı reallığı ilə barışıb – ŞƏRH

Bris Rokfeylin adının Fransa xarici işlər nazirliyinin rəsmi
saytında Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə səfiri qeyd
olunması, ABŞ və Rusiyadan sonra rəsmi Parisin də Minsk qrupunun
fəaliyyətinə de-yure və de-fakto son verilməsi ilə barışdığını
göstərir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu təyinatda nəzərə çarpan digər mühüm amil,
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində
bundan sonra Fransanın deyil, bütövlükdə Avropa İttifaqının, həm də
Şərq Tərəfdaşlığı proqramı çərçivəsində iştirak edəcəyi mesajının
verilməsidir.

“Bu isə faktiki olaraq, Brüsseldə, Şərq Tərəfdaşlığı Sammitində
başladılan, Ermənistanın Azərbaycan tərəfindən irəli sürülən 5
təklifi qəbul etməsi ilə nəticələnən prosesin davam etdirilməsi,
uğursuz Minsk Qrupu platformasına əbədilik “əlvida”
deyilməsidir.

Minsk qrupunun sabiq həmsədrlərinin statusunda baş verən son
dəyişikliklər, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış
reallıqların qəbul edilməsi ilə yanaşı, həm də ABŞ, Fransa və
Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi
prosesinə yanaşmalarını da ortaya qoyur. Fransa və hazırda bu
ölkənin sədrlik etdiyi Avropa İttifaqı ilə bağlı məsələ son status
dəyişikliyindən sonra aydındır”, – deyə E.Mirzəbəyli qeyd edib.

O vurğulayıb ki, ABŞ-ın Minsk Qrupundakı sabiq həmsədrinin
Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavir təyin
edilməsi, Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərinə baxış
bucağını nümayiş etdirir.

“Yəni ABŞ proseslərinin bundan sonrakı inkişafına bütövlükdə
xarici siyasətinin Cənubi Qafqazda prioritetlərinin tərkib hissəsi
kimi yanaşacaq. Və təbii ki, bu amil həm də Vaşinqton üçün “münaqişə”, “Dağlıq Qarabağ” kimi müharibə nəticəsində məhv edilmiş
anlayış və iddiaların artıq keçmiş olduğunu nümayiş etdirir.

Rusiya ilə bağlı məsələ də aydındır. Bu ölkə də sabiq
həmsədr-təmsilçisi üçün status müəyyənləşdirib və Moskvanın “xüsusi
nümayəndəsi” də digər sabiq həmsədrlər kimi hər hansı bir
beynəlxalq mandata sahib deyil. Bu isə Azərbaycan-Ermənistan
münasibətlərinin tənzimlənməsi prosesinin bundan sonra beynəlxalq
vasitəçilərin iştirakı olmadan, birbaşa təmaslar vasitəsilə davam
etdiriləcəyini təsdiqləyir”, – deyə o əlavə edib.

Teqlər: