Oxçuçay hövzəsində tədqiqat aparılıb (FOTO)

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
“Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin
əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları, şöbə müdiri,
dosent Mirnuh İsmayılov və Səidə Zeynalova Oxçuçay hövzəsində
tədqiqatlar aparıblar.

İnstitutdan Trend-ə verilən xəbərə görə, 16-17 may tarixində
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi
ekspedisiyanın məqsədi Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid
hissəsinin iri miqyaslı landşaft xəritəsinin tərtibi, ərazinin
landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axımına
landşaftların təsirinin, hövzə ekosistemlərində işğal dövründə
yaranmış antropogen pozulmaların öyrənilməsi və s. olub.

Alimlərin sözlərinə görə Oxçuçayın Azərbaycan ərazisindən keçən
43 km.-lik hissəsinin 10 km.-i bilavasitə Ermənistanla Azərbaycan
arasında hazırkı dövlət sərhədinə uyğun gəlir. Onun 32,2%-i
meşə-kolluqlar, 32,1%-i kserofit bozqırlar, 12%-i quru bozqırlar və
6,9%-i isə çay-dərə çəmən meşələrdən ibarətdir. Süsən, Piləsər,
Ağcaqayın və Əsgülüm silsilələrinin çaya baxan yamacları dik olub,
əsasən tektonik qırılmaya uyğundur. Vulkanogen süxurlardan təşkil
olunmuş yamacların bəzən çılpaq qayalıqlarla, bəzən meşə və meşə
kolluqlarla örtülməsinin səth axımının nizamlanmasında, yeraltı
axımın yaranmasında və çayda sululuğun ilboyu qorunmasında çox
əhəmiyyətli rolu var. Qısa məsafədə təbii landşaftların
quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onlar
arasında ekoloji koridor rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə
unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranıb.

Mütəxəssislər apardıqları tədqiqatların nəticəsində müəyyən
ediblər ki, işğal dönəmində çay hövzəsi ekosistemləri ciddi
landşaft-ekoloji təsirlərə məruz qalıb. Meşələr vəhşicəsinə talan
edilib, sənaye əhəmiyyətli araz palıdı, qoz ağacları, göyrüş və s.
qırılıb, digər ağac və kol növləri isə yanacaq kimi istifadə
edilib. Hazırda yaşıl görüntü yaradan bu meşəliklər, əslində
vaxtilə ermənilər tərəfindən qırılmış ağacların kökü üstündə
inkişaf edən topa şəkilli pöhrələrdən ibarətdir. Belə meşələrin
yenidən bərpa edilməsi və qorunması Oxçuçay hövzəsinin unikal
əhəmiyyətə malik təbii genefondunun gələcək nəsillərə
çatdırılmasında əhəmiyyətlidir.

Teqlər: