Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan çox olub

2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri proqnozla
müqayisədə 3,8% çox olub, büdcə gəlirlərinin artımının əsas
mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, əlavə dəyər
vergisi (ƏDV), gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil
edib.

AzerTimes-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında – “2021-ci ilin dövlət
büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində
deyib.

O qeyd edib ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən
daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan
dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə
verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə
130 milyon manat məbləğində əməl olunmayıb.

Onun sözlərinə görə, hesabat ilində orta illik neft
qiymətlərinin artımı fonunda Dövlət Neft Fondundan (ARDNF) dövlət
büdcəsinə transfert məbləğinə qənaət edilməsi səbəbindən neft
sektoru üzrə gəlirlərin proqnozu kəsirlə icra edilib.

“Eyni zamanda, xüsusilə vurğulayım ki, 2021-ci ildə neft sektoru
üzrə büdcə ödənişləri proqnozla yanaşı həm də 2019-2020-ci illərlə
müqayisədə azalıb”, – deyə V.Gülməmmədov əlavə edib.

Teqlər: