Onlarla İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün müraciət edib – Səfir (ÖZƏL)

Xəbər - Ləman Zeynalova – Trend:

15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün
Azərbaycandakı səfirliyə müraciət edib.

Bunu Trend
özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik
deyib.

“Daha çox şirkət isə səfirlik vasitəsilə deyil, birbaşa müraciət
edib. Hesab edirəm ki, söhbət “ağıllı” şəhərlərin tikintisindən
“yaşıl” enerji, kənd təsərrüfatı, xəstəxana, spa mərkəzi
tikintisinədək müxtəlif layihələr üçün müraciət edən onlarla
şirkətdən gedir. İndi bizdə fəal özəl sektor var, onlar səfirlikdən
asılı olmadan fəaliyyət göstərir”, – deyə o bildirib.

Səfir qeyd edib ki, İsrail həmişə Azərbaycanı, xüsusən də ərazi
bütövlüyü məsələsində dəstəkləyib.

“Biz şadıq ki, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru bərpa
etmək və dirçəltmək imkanı var. Hesab edirik ki, bu, Azərbaycanın
digər ölkələrlə əməkdaşlığı üçün böyük imkanlar yaradır. Həmçinin
hesab edirik ki, İsrail su ehtiyatlarının idarə olunması, kənd
təsərrüfatı, səhiyyə, innovasiyalar, “ağıllı” şəhərlər, “yaşıl”
enerji kimi sahələrdə öz töhfəsini verə bilər. Fikrimcə, İsrailin
bu sahələrdə Azərbaycanın yaxşı tərəfdaşına çevrilmək imkanı var”,
– C.Dik deyib.

Onun sözlərinə görə, hazırda İsrailin özəl sektorunun iştirakı
ilə kənd təsərrüfatı sahəsində bir neçə layihə hazırlıq
mərhələsindədir.

“Bu layihələrdən birini Zəngilanda reallaşdırmaq planlaşdırılır.
Biz onun reallaşdırılması ilə bağlı nikbin əhval-ruhiyyədəyik. Bu
layihə yaxın zamanlarda hazırlanacaq. İsrail şirkəti ferma və
“ağıllı” kənd yaradıb işə salmağı planlaşdırır. Biz bu sazişləri
hökumət xətti ilə bağlamırıq. İsrail şirkətlər Azərbaycandakı
tərəfdaşlarımızla birbaşa müqavilərlər imzalayır. Məsələn,
Zəngilanda “ağıllı” şəhərin yaradılması ilə bağlı müqaviləyə
cavabdeh olan Azərbaycan şirkəti var. Onlar iki özəl şirkət
arasında sənədləri imzalalayır. Bu layihə üzrə danışıqlar
aparılırdı. Hesab edirəm ki, artıq proses başa çatıb və burada süd
istehsalı üçün yüzlərlə və inək və camışın saxlandığı ferma
yaradılmalıdır”, – deyə o bildirib.

Digər sahələrə gəldikdə, səfir vurğulayıb ki, Ağdamda su sektoru
üzrə layihələr mövcuddur və bununla bağlı “Mekorot”, “Baran Group”
və digər şirkətlərlə danışıqlar aparılıb.


O əlavə edib ki, İsrail şirkətləri həmçinin Qarabağda və
Azərbaycanın digər ərazilərində “yaşıl” enerji sahəsində
layihələrdə iştirak etməyə hazırdır.

“Hazırda Abşeronda, xüsusilə günəş və külək enerjisi sahələrində
İsrail şirkətlərini maraqlandıra biləcək layihələr var. Biz bu
sahədə şirkətlər arasında əməkdaşlığı genişləndirməyə çalışırıq.
Biz bir şeyi yadda saxlamalıyıq: Qarabağın bərpası Azərbaycan üçün
tarixi məqamdır. İsrail uzunmüddətli perspektivdə Azərbaycanla
dostluq və tərəfdaşlığı hədəfləyir. Biz İsrail təcrübəsi və
dəstəyinin tələb olunacağı bütün sahələrdə Azərbaycana kömək etməyə
hazırıq”, – səfir deyib.

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı C.Dik
bildirib ki, bununla əlaqədar onun Azərbaycan Minatəmizləmə
Agentliyində görüşləri olub.

“Bir neçə İsrail şirkəti buraya gələrək agentliklə
məsləhətləşmələr keçirib. Bu şirkətlərin nümayəndələri həmin
ərazilərdə olub və öz təkliflərini də irəli sürüb”, – C.Dik
vurğulayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)