Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq
Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları
Komissiyasının (İƏT MDİHK-nın) üzvü Aydın Səfixanlı 16-17
fevral tarixlərində İstanbul şəhərində İƏT MDİHK, Türkiyənin
Ədliyyə və Xarici İşlər nazirlikləri tərəfindən birgə təşkil
edilmiş “Müsəlmanların qarşılaşdığı insan hüquq pozuntuları” adlı
beynəlxalq seminarda iştirak
edib.
A.Səfixanlı sessiyalarda çıxışı zamanı faşizm, rasizm,
ksenofobiya kimi İslamafobiyanın da insan hüquq və
azadlıqlarının kobud pozuntusuna, insanlıq və bəşəriyyət əleyhinə
cinayətlərin törədilməsinə səbəb olması barədə danışıb.
Ermənistanın uzun illər azərbaycanlılara qarşı yürütmüş olduğu
etnik təmizləmə və soyqırım siyasətinin əsas səbəbi kimi dini və
milli faktorların olduğu seminar iştirakçılarının diqqətinə
çatdırılıb.
Eyni zamanda vurğulanıb ki, ötən il Azərbaycan Ombudsmanının dəvəti
əsasında İƏT MDİHK üzvləri ölkəmizdə səfərdə olaraq, Ermənistan
tərəfindən törədilmiş beynəlxalq hüquq və beynəlxalq humanitar
hüquq normalarının pozuntusu hallarının müəyyən edilməsi ilə
bağlı faktaraşdırıcı missiya həyata keçiriblər. Həmin
monitorinqlər zamanı nümayəndə heyətinin işğaldan azad olunmuş
Ağdam şəhərində kütləvi dağıntılara, o cümlədən Pənahəli xan
məqbərəsi, Ağdam Cümə məscidi kimi mədəni və dini abidələrin
dağıdılması, müsəlmanlara məxsus abidələrin təhqir
edilməsi faktlarına şahidlik etdikləri
vurğulanıb.
Bununla yanaşı, Aparat rəhbəri çıxışında
insanların məhz etnik və dini
mənsubiyyətinə görə kütləvi şəkildə məhv edildiyi Xocalı
soyqırımı barədə məlumat verərək, bu dəhşətli qətliamdan 30 il
ötdüyünü, lakin bu ağır cinayəti törədənlərin hələ də məsuliyyətə
cəlb edilmədiyini nəzərə çatdırıb. İƏT
tərəfindən Xocalıda törədilən cinayətin soyqırım kimi tanındığı
qeyd olunaraq, digər İslam ölkələrinin də bu cinayəti soyqırım kimi
tanımasına çağırış edilib və bu cinayətləri törədənlərin ədalət
mühakiməsinə cəlb olunması istiqamətində birgə əməkdaşlığın
zəruriliyi
vurğulanıb.