Ombudsman 4-cü “Fərqli Fərdlər” Konqresində çıxış edib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili
(ombudsman) Səbinə Əliyeva xüsusi qayğıya ehtiyacı olan insanlara
həsr edilən 4-cü “Fərqli Fərdlər” Konqresində açılış nitqi ilə
çıxış edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, hibrid
formatda keçirilən həmin tədbirdə çıxışı zamanı ombudsman Səbinə
Əliyeva Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların
hüquqlarının təmini, onların sosial müdafiəsi və reabilitasiyası
ilə bağlı kompleks tədbirlər həyata keçirildiyini qeyd edib.
Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müasir dövrün
tələblərinə uyğun fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin
yaradılması və ya əsaslı təmir edilərək istifadəyə verilməsi,
onların yeni avadanlıqlarla təmin olunması ölkə ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirilir.

Müvəkkil təsisatın fəaliyyətində uşaqların, o cümlədən xüsusi
qayğıya ehtiyacı olan azyaşlıların hüquqlarının təmini və
müdafiəsinə xüsusi önəm verildiyini, onların hüquqlarının müdafiəsi
ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanıldığını
vurğulayıb.

Ombudsman bildirib ki, Azərbaycanda autizmli insanların həlli
vacib olan bir sıra problemlərinin aradan qaldırılması üçün
dövlətin bu sahədə həyata keçirdiyi siyasətin davamı olaraq “Autizm
spektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikası Qanunun qəbul edilməsi və onun icrasının səmərəli
təmini məqsədilə müvafiq dövlət proqramının hazırlanaraq təsdiq
edilməsi məqsədəuyğundur. Həmçinin övladına autizm spektr pozuntusu
diaqnozu qoyulan valideynlərlə də xüsusi psixoloji söhbətlər
aparmalı və onlar bu barədə hərtərəfli surətdə
məlumatlandırılmalıdır.

“Cəmiyyətdə autizm spektr pozuntusu olan uşaqlarla sosial iş
sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə kütləvi
informasiya vasitələrində, əsasən də televiziya kanallarında bu
sahədə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə silsilə
verilişlər təşkil olunmalı və digər geniş maarifləndirci işlər
görülməlidir”,-deyə Səbinə Əliyeva əlavə edib.

Konqresdə müxtəlif qurumlarının rəhbər və nümayəndələri, yerli
və xarici ekspertlər çıxış ediblər, mövzu ilə bağlı ətraflı
müzakirə aparılıb.

Teqlər: