Xəbər - Fərid Zöhrabov – Trend:
Bir çox ölkədə “omikron” ştammı artmaqda davam edir.
Azərbaycanda da bu ştammın aşkarlanması ilə yoluxanların sayında
bir müddət kəskin artım müşahidə olunurdu. Hazırda isə yoluxanların
sayında azalma müşahidə olunur.
Bunu Trend-in sualına cavab olaraq
infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
Onun sözlərinə görə, “omikron” ştammının yoluxduruculuq
qabiliyyəti yüksək olduğundan yoluxma sayının artması təbiidir.
Böyük ehtimal ki, fevral ayı ölkəmizdə “omikron” ştammının pik
həddinin son ayı olacaq.
“Sonrakı aylarda isə yoluxmaların sayında azalmalar olacaq.
Qonşu ölkələrlə müqayisədə yoluxmaların sayı ölkəmizdə azdır. Bunun
da əsas səbəbi vətəndaşlarımızın könüllü vaksinasiya prosesinə
inamla yanaşmasıdır. Ölkəmizdə vaksinasiya prosesinin sürətli
getməsi qapanmaların qarşısını alır. Hazırda isə koronovirusun yeni
ştammı olan “omikron”dan qorunmaq üçün ən effektiv üsul
vaksinasiyadır. İnsanlar artıq “buster” doza ilə (3-cü doza)
vaksinasiya olunurlar. Üçüncü doza vaksin olunanlar vaksin
olunmayanlara nisbətən az yoluxur və xəstəliyi yüngül keçirirlər.
Ancaq bu, o demək deyil ki, vaksin olunanlar virusa yoluxmur.
Virusdan qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan
çəkinməli, maskadan istifadə etməli, gigeyenik qaydalara riayət
etməlidirlər”, – M.Əliyev əlavə edib.
Qeyd edək ki, Azərbaycanda birinci mərhələ üzrə vaksinasiya
olunanların sayı 3 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların
sayı 1 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 72
163 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 627 370, birinci mərhələ üzrə
vaksinasiya olunanların ümumi sayı 5 273 971, ikinci mərhələ üzrə
vaksinasiya olunanların sayı 4 768 299, buster doza üzrə
vaksinasiya olunanların sayı isə 2 585 100 təşkil edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci
il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının
üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı”
fevralın 15-dən etibarlı hesab edilmir.