Ölkədə kitabxanalara işə qəbul qaydaları açıqlandı

Ölkədə kitabxanalara işə qəbul qaydaları açıqlandı

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalara işə qəbul imtahanla olacaq.

AzerTimes xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov VIII Bakı Beynəlxalq Kitab Sərgi çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2021-2022-ci il kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşündə məlumat verib.

Onun sözlərinə görə, prioritet məsələlərdən biri kitabxana-informasiya sahəsini gənc və ixtisaslı kadrlarla təmin etməkdir: “Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək. Artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub”.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, bu il BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 4 nəfər məzunu elm ocağında işlə təmin olunub.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli deyib ki, hər iki universitet üzrə 178 nəfər 2021-2022 tədris ilinin məzunları arasından 20 nəfər işlə təmin olunmaq üçün seçilib. Seçilən gənclərin hər biri ilə fərdi qaydada müsahibə aparılıb.

Teqlər: