Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” bədii filminin premyerası olacaq (FOTO)

İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmiz münasibətilə
ekranlaşdırılan “Köhnə çamadanlar” bədii filminin premyerası
olacaq. Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS
Prodakşn” və “OYUN” inklüziv teatrının birgə layihəsidir.

“OYUN” inklüziv teatrından milli.az -a verilən məlumata görə,
nümayiş aprelin 30-da (saat 18.00) “Nizami” Kino Mərkəzində baş
tutacaq. Müharibə və qadın mövzusunun ana xətt olaraq keçdiyi
filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Saida
Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı
Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, montaj rejissoru Rza
Almasi Pərqu, prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, art
direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.

Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin
qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı
insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində
döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş
Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun
ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran
işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr
kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və
vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu
yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında
buraxdığı izlərə rəğmən heç bir halda haqqın zəfərinə, qələbəyə
inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan
ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla
tamamlanır.

Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin
canlı şahidləri – əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar
aktyorlar da rol alırlar. Psixoloji dramda əsas rolları Xalq
artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar
Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Qızılgül
Quliyeva, Zemfira Əbdülsəmədova, Könül Qasımova, Rəsmiyyə
Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva,
Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim
Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva,
Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq
Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev ifa edirlər.
Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri
oynayırlar.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az,
Azernews.az

Teqlər: