Nərimanov rayonunda dörd küçə təmir edilir (FOTO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
Nərimanov rayonu ərazisində hazırda ümumi uzunluğu 1161 metr olan 4
küçədə təmir işləri aparılır.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, bu, uzunluğu 360 metr, eni ortalama 9 metr təşkil
edən Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik
Hüseynqulu Sarabski, həmçinin uzunluğu 286 metr, eni 10 metr olan
Mərdanov qardaşları küçələridir.

Aparılan işlər çərçivəsində küçələr boyu köhnə asfalt-beton
örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu
qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək
kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları
ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin
təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil
edilib, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu
çərçivədə işlər davam etdirilir.

Hazırda təmir işləri Nərimanov rayonu Ağadadaş Qurbanov
küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri
arasında yerləşən hissəsində aparılır.

Uzunluğu 295 metr, eni ortalama 10 metr təşkil edən küçənin
sözügedən hissəsində köhnə asfalt-beton örtüyü yenilənir. Artıq
işlər son mərhələ üzrə icra olunur.

Teqlər: