Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən yol təmir olunur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata
keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala
rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən
qurulmasıdır.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən
Neftçala-Kürkənd-2 N-li Mayak marşrutu üzrə 19 km uzunluğa malik
avtomobil yolu uzun müddət idi ki, istismar olunmasına baxmayaraq
əsaslı şəkildə təmir edilmirdi. Bu üzdən mövcud örtükdə artıq
deformasiyalar yaranmışdı.

Bu isə normal hərəkətin təşkili üçün problemlərə səbəb olurdu.
Artıq bütün bunlar Agentliyin əraziyə cəlb olunmuş xüsusi tikinti
briqadasının gördüyü təxirəsalmaz tədbirlərlə geridə qalır.

Belə ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən
qurulur. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması
işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ
qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri
aparılır. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6
metrdir.

Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və
Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək
məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının
tikilməsi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq
daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra
olunacaq.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol
nişanları, km göstəricilərinin quraşdırılması, üfüqi nişanlanma
xətlərinin çəkilməsi və dayanacaqların qoyulması nəzərdə
tutulub.

Layihə üzrə sadalanan işlərin icrası ilə yolboyu müasir
infrastruktur yaradılmış olacaq. Bu isə 3 yaşayış məntəqəsinin 20
mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olacaq, yük və
sərnişin daşıması asanlaşacaq, vətəndaşların sosial həyat şəraitinə
müsbət təsir göstərən sahələr daha da inkişaf edəcək.

Teqlər: