Necə aydan bir ultrasəs və MRT müayinəsini etmək doğrudur?

Müayinə metodunun hansı aralıqda istifadə olunması
xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan
zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün
məhdudiyyət yoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti
Ağakişi Yəhyayev deyib


Trend
Ağakişi Yəhyayev ilə müsahibəni təqdim edir.

Ağakişi müəllim, hansı orqan və toxumaları ultrasəs müayinəsi
ilə dəqiq görmək mümkün deyil?

– Bəzi daxili orqanların (ağciyər və mədə-bağırsaq traktı) və
sümük toxumasını tam əhatə etdiyi beyni ultrasəs ilə müayinə etmək
mümkün deyil. Yeni doğulmuş körpələrdə əmgəglər açıq olduğu üçün bu
pəncərələrdən beyin toxumasını ultrasəs ilə müayinə etmək olar. O
cümlədən, yeni doğulmuş körpələrin oynaqları tam sümükləşmədiyi
üçün omba oynaqları ultrasəs ilə müayinə edilir.

– Maqnit rezonans tomoqrafiya (MRT) ilə kompüter tomoqrafiyası
(KT) arasındakı fərq nələrdir?

– Bu iki müayinə arasında bir neçə fərq mövcuddur. Fərqlərə
əsasən müəyyən üstünlüklər və məhdudiyyətlər var.
Maqnit rezonans tomoqrafiyası bir neçə üstülüyə malikdir. Onlardan
ən önəmlisi insan orqanlarını toxuma səviyyəsində dəyərləndirmə
imkanıdır. Təbii ki, bütün orqanları bura aid etmək olmaz, ancaq
ümumilikdə orqanizmin əksər orqanları maqnit rezonans tomoqrafiyası
ilə dəqiqliklə müayinə oluna bilər. Bundan əlavə, MRT müayinəsi
rentgen şüası kimi zərərli deyil. Bu səbəbdən rahatlıqla kiçik
yaşlı uşaqlara və hamilə qadınlara bu müayinə təyin oluna bilər.
MRT müayinəsində KT-dən fərqli olaraq zərərli şüalar yoxdur və
ağciyər və mədə bağırsaq xaric daha dəqiq müayinə oluna bilər.
MRT-nin mənfi tərəfləri isə uzun vaxt tələb etməsi və qapalı sahədə
icra olunmasıdır. Ona görə də klaustrafobik xəstələr (qapalı sahə
qorxusu olan xəstələr) MRT-ni rahat keçə bilmir.
Həkimlər ağciyər və mədə-bağırsaq sistemini müayinə edən zaman
MRT-dən istifadə etməməlidirlər.
KT-də isə müayinə müddəti qısadır və bu tip xəstələr rahat
müayinədən keçə bilirlər. KT-nin digər bir üstünlüyü ağciyərləri
MRT-dən fərqli olaraq millimetrik dəqiqliyi ilə göstərməsidir.
Bundan əlavə, kompüter tomoqrafiyası incə sümük sınıqları haqqında
daha dəqiq məlumat verir.

– İnsan orqanizmi il ərzində neçə dəfə kompüter tomoqrafiyası
tədqiqatı ilə müayinə oluna bilər?

– Bu suala cavab vermək üçün bir neçə məsələyə aydınlıq gətirmək
lazımdır. Birincisi, xəstəliyi müəyyənləşdirmək lazımdır. Məsələn,
əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş
toxumasının ölçülərindən aslıdırsa, bu təqdirdə hər üç aydan bir
KT-dən keçə bilər. Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı
keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində
baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi
təyin oluna bilər. Sadəcə profilaktik yoxlamaq məqsədilə KT
müayinəsi aparılmamalıdır.

– Necə aydan bir ultrasəs və MRT müayinəsini etmək doğrudur?

– Ümumiyyətlə, müayinə metodunun hansı aralıqda istifadə
olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə
olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün
məhdudiyyət yoxdur.
Tomoqrafiyada şüa olduğu üçün tez-tez müayinə metodu kimi istifadə
olunmur. Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni
neyrocərahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa,
cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə
bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən
bir tomoqrafiya tələb oluna bilər.

– Çox vaxt həkimlər ultrasəs müayinəsindən sonra KT və MRT-dən
də keçməyi məsləhət görürlər. Sıralama olaraq bu müayinələrin
hamısından keçmək nə dərəcədə doğrudur? Hansı xəstəliklərdə bu cür
sıralama müayinə tələb olunur?

– Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs
müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. Ultrasəs müayinə
başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər
tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və
böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane
edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi
üst-üstə düşmür, yaxud da ultrasəsdə şübhəli bir məqam varsa, o
zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri
hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin
hansı ardıcıllıqla aparılacağına həkim qərar verir.

Teqlər: