Nazirlik banklar adından yayılan şübhəli mesajlar barədə xəbərdarlıq edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti vətəndaşlara son günlərdə bankları hədəf alan
“fişinq” hücumları barədə xəbərdarlıq edir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, kiberdələduzlar bu dəfə Azərbaycan Beynəlxalq
Bankının (ABB) adından sui-istifadə edərək rəsmi olmayan, lakin
real görünən saytlar yaratmaqla insanların diqqətini çəkməyə
çalışırlar. Belə ki, ABB-nin rəsmi saytı ilə heç bir əlaqəsi
olmayan veb-resursda vətəndaşlara saxta hədiyyə kampaniyası vəd
olunur. Saxta kampaniyadan “qazanılan” məbləği əldə etmək üçün isə
istifadəçidən bank və digər fərdi məlumatlar tələb olunur.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək
istifadəçiləri “tələyə salmaq”la asan yolla maddi vəsait əldə
etməkdir.

Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş
olunur ki, aşağıdakı sadə kibertəhlükəsizlik qaydalarına əməl
etsinlər:

1. Aldığınız hər mesaja şübhə ilə yanaşın və cəlbedici vədlərə
aldanaraq ani hərəkət etməyin.

2. Hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad
etməyin.

3. Şübhəli keçidlərə daxil olmayın.

4. Hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən
istifadə edərək yoxlayın. Hər hansı şirkət, qurum və ya təşkilat
adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə
əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun
rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olun.

5. Doğruluğundan əmin olmadığınız mesajları digər şəxslərə
yönləndirməyin və ya sizə yönləndirilən mesajlara etibar
etməyin.

6. Ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə
məlumatlandırın.

Həmçinin bu kimi hallarla üzləşdikdə istifadəçilərdən www.cert.az saytı və ya [email protected]
elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə
məlumat vermələri xahiş olunur.