NATO Azərbaycanla yüksək səviyyədə siyasi dialoqun davamına ümid edir (ÖZƏL)

Xəbər - Nərgiz Sadıxova – Trend:

NATO qarşıdakı müddətdə Azərbaycanla yüksək səviyyədə siyasi
dialoqun və geniş praktiki əməkdaşlığın davamına ümid edir.

Bunu Trend
NATO-nun rəsmi nümayəndəsi deyib.

Azərbaycan və NATO münasibətlərinin ikitərəfli gündəliyini şərh
edərkən o, təşkilatın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya
üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın səfərini və bu səfər
çərçivəsində Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlərini
xatırladıb.

“Səfər zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq, o
cümlədən, Azərbaycan rəhbərliyi ilə “Planlaşdırma və təhlil
prosesi” tərəfdaşlığı çərçivəsində əməkdaşlığın bərpası nəzərdən
keçirilib. Biz qarşıdakı müddətdə Azərbaycanla yüksək səviyyədə
siyasi dialoqun və geniş praktiki əməkdaşlığın davamına ümid
edirik”, – deyə NATO nümayəndəsi bildirib.

O əlavə edib ki, NATO Azərbaycanın Əfqanıstanda təşkilatın
fəaliyyətinə göstərdiyi dəstəyi, xüsusilə ötən ilin avqustunda
Kabil hava limanında müttəfiq ölkələrin şəxsi heyətinin, eləcə də
təhlükədə olan əfqanların təxliyəsi üzrə səyləri dəstəkləməsini
yüksək qiymətləndirir.

NATO nümayəndəsi bildirib ki, Azərbaycanla NATO arasında
əməkdaşlıq uzun illər ərzində möhkəm olub.

“Bu gün bu münasibətlər səlahiyyətlərin inkişafından enerji
təhlükəsizliyinədək bir çox sahələri əhatə edir”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: