Gürcüstanda Poti azad sənaye zonasında qeydiyyata alınmış şirkətlərin dörddə biri Azərbaycan şirkətləridir – Baş direktor (MÜSAHİBƏ) (VİDEO)

Xəbər - Maryana Əhmədova – Trend

Gürcüstanda Poti azad sənaye zonasında (ASZ) qeydiyyata alınmış
şirkətlərin təxminən dörddə biri Azərbaycan şirkətləridir.

Bunu Trend
özəl müsahibəsində Poti ASZ-nin baş direktoru David Ebralidze
deyib.

Onun sözlərinə görə, buradakı Azərbaycan şirkətlərinin
əksəriyyəti ticarət sahəsində, xüsusilə də, əczaçılıq preparatları,
kənd təsərrüfatı texnikası, elektrik avadanlığı, avtomobil ehtiyat
hissələri və şin ixracı ilə məşğul olur.

Baş direktor Azərbaycan şirkətləri arasında metal dam örtükləri
istehsal edən və 2015-ci ildən ASZ-də işləyən zavodu qeyd edib.
Şirkət istehsal işə salınandan sonra Azərbaycan bazarına ən iri
tikinti materialları tədarükçüsü olub. Daha bir Azərbaycan şirkəti
2021-ci ildə fəaliyyətə başlayıb və qida məhsulları istehsalı ilə
məşğul olur. Müəssisə öz məhsullarını Asiya ölkələrinə və ABŞ-a
ixrac etməyi planlaşdırır.

D.Ebralidze bildirib ki, iri Azərbaycan şirkətlərindən biri
ASZ-də bir neçə istiqamət üzrə fəaliyyətini inkişaf etdirməyi
planlaşdırır.

“Bu istiqamətlərdən biri də anbar təsərrüfatıdır ki, bu da çox
vacibdir. Belə ki, ASZ-də həm anbar sahələrinə, həm də hazır
istesalat tikililərinə daimi tələbat var. İnvestor, həmçinin sürtkü
materialları istehsalı üzrə zavodun tikintisində maraqlıdır”, –
deyə o bildirib.

O qeyd edib ki, hazırda mənşə sertifikatının əldə olunması ilə
bağlı müvafiq prosedurlar həyata keçirilir, belə ki, məhsul
Gürcüstanın azad ticarət sazişinin olduğu Aİ ölkələrinə ixrac
olunmalıdır.

“Hazırda biz azərbaycanlı investorlarla danışıqlar aparırıq,
amma adətən sənaye layihələrinin işlənməsi çox vaxt aparır, ona
görə də biz nəticələri gec görəcəyik”, – o deyib.

D.Ebralidze, həmçinin 2021-ci ilin dekabrında, COVID-19
pandemiyası dövründə keçirilmiş Azərbaycan-Türkiyə-Gürcüstan
üçtərəfli biznes forumunun vacibliyini qeyd edib.

“Bu forum bizə Azərbaycan və Türkiyədən işgüzar dairələrlə
görüşmək imkanı yaratdı”, – Debralidze bildirib.


D.Ebralidze qeyd edib ki, Poti ASZ-də bir sıra infrastruktur
işləri reallaşdırılıb, xüsusilə də, dəmiryol-gömrük terminalının
genişləndirilməsi istiqamətində işlər görülüb.

“2021-ci ildə Poti ASZ-də icra olunmuş ən vacib layihələr
tekstil isterhsalı ilə bağlı olub. Bu sahə azad sənaye zonasında
aparıcı sektorlardan biridir. Ən vacib təşəbbüslərdən biri tekstil
istehsalı layihəsi olub. Bunun üçün xammal əsasən Çindən idxal
olunur, son məhsul isə Polşa və digər Aİ ölkələrinə ixrac edilir”,
– deyə o bildirib.

2022-ci il üçün planlarla bağlı baş direktor deyib ki, bu il
müxtəlif sektorlarda bir sıra yeni layihələr reallaşdırılacaq.

“Bu layihələr sırasında tekstil sektorunda daha bir layihənin
icrası yer alır. İnvestisiyaların ilkin dəyəri 5,1 milyon dolar
təşkil edir. Məhsul ixracı əsasən Aİ və MDB ölkələrinə yönələcək.
Daha bir vacib təşəbbüs avtomobil ehtiyat hissələri istehsalı üzrə
zavod olacaq. Zavodun tikintisi Çin və İtaliyadan təxminən 3,4
milyon dollarlır investisiya hesabına aparılacaq. Komponentlər həm
Gürcüstan, həm xarici xammaldan hazırlanacaq və Aİ, Çin, ABŞ və
Meksikaya ixrac olunacaq”, – D.Ebralidze deyib.

O əlavə edib ki, 2022-ci ildə ASZ ərazisində mis və digər əlvan
metalların emalı üzrə terminalın yaradılması planlaşdırılır. Onun
sözlərinə görə, layihənin dəyəri 1 milyon dollar təşkil edir.

“Ümumilikdə ötən il və bu ili əhatə edən müddət ərzində Poti
ASZ-də həyata keçirilən layihələr üzrə 8,9 milyon dollar məbləğində
investisiyalar nəzərdə tutulub“, – o əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)