Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi mövzusunda vebinar keçirilib (FOTO)

Martın 3-də Ümumdünya Gömrük Təşkilatı Potensialın
Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə
“Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq xarakter
daşıyan qanunsuz dövriyyəsi: yayılma arealı və mövcud daşınma
kanalları” mövzusunda vebinar keçirilib.

Vebinara ÜGT-nin Avropa Regionunda təmsil olunan 30 ölkənin
gömrük administrasiyalarının 296 nümayəndəsi qatılıb.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti
general-leytenantı Əsgər Abdullayev, DGK Əməliyyat-İstintaq Baş
İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov,
Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzi (CARICC),
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC),
Narkotiklərlə Mübarizə üzrə Tədris Akademiyası (NEA), ATƏT-in
Bişkek Ofisininin ekspertləri və ÜGT Potensialın Gücləndirilməsi
üzrə Avropa Regional Ofisinin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ÜGT-nin Bakı şəhərində yerləşən
Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri
Eser Çengel vurğulayıb ki, təmsil etdiyi qurum regionda potensialın
gücləndirilməsi mərkəzi olaraq üzv ölkələrin gömrük xidmətlərinə
onların tələbatları nəzərə alınmaqla müvafiq dəstək tədbirlərini
həyata keçirir. Qeyd edilib ki, ötən ilin martında baş tutan “Qaçaqmalçılığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın
gücləndirilməsinin prioritetləri” mövzusundakı vebinara göstərilən
maraq bugünkü vebinarın keçirilməsini şərtləndirən əsas
amillərdəndir.

Tədbirdə çıxış edən DGK sədrinin müavini Əsgər Abdullayev
vebinarın əhəmyyətindən danışıb və BMT-nin aidiyyəti qurumlarının
yayımladığı hesabatlara əsasən COVID-19 pandemiyasına rəğmən
dünyada və regionda narkoşəraitin mürəkkəbləşdiyini diqqətə
çatdırıb. Komitə sədrinin müavini belə bir şəraitdə narkotiklərin
qanunsuz dövriyyəsinə, yayılma arealına, daşınma kanallarına, usul
və metodlarına, eləcə də narkotiklərlə mübarizədə əldə edilmiş
qabaqcıl təcrübəyə, nailiyyətlərə, problemlərə, perspektiv
baxışlara həsr olunmuş bu tədbirin xüsusi əhəmiyyət daşıdığını
bildirib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin
səmərəli təşkili baxımından faydalı olacağını qeyd edib.

Dövlət Gömrük Komitəsinin ÜGT Potensialın Gücləndirilməsi üzrə
Avropa Regional Ofisindəki nümayəndəsi Mirhəsən Seyidzadə Regional
Ofisin beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və
möhkəmləndirilməsi istiqamətindəki faəliyyətindən, narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı
əlaqələrin və regional müzakirələrin önəmindən danışıb.

Sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin
(UNODC) eksperti Thomas Pietschmanın “Regional və qlobal səviyyədə
COVID-19 pandemiyasından əvvəl və pandemiya dövründə narkotiklərin
qanunsuz dövriyyəsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi”,
Narkotiklərlə Mübarizə üzrə Tədris Akademiyasının (NEA) eksperti
Mehmet Fatih Uçarın “Çirkli pulların yuyulması və narkotiklərin
qanunsuz dövriyyəsindən əldə olunan gəlirlərə qarşı mübarizə kimi
“Bataklik” əməliyyatı”, Mərkəzi Asiya Regional
İnformasiya-Əlaqələndirmə Mərkəzinin (CARICC) eksperti Tatiana
Evdokimovanın “Beynəlxalq narkotrafik – narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı mübarizədə son tendensiyalar”, ATƏT-in Bişkek
Ofisininin (OSCE) eksperti Dinara Bekievanın “Qırğızıstan
Respublikasında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cari
vəziyyət və onun inkişaf tendensiyaları” mövzularında təqdimatları
dinlənilib.

Tədbirin plenar iclasında “Narkotiklərin qanunsuz dövriyyəsi ilə
mübarizə istiqamətində əldə edilmiş nailiyyətlər” mövzusunda çıxış
edən DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov
bildirib ki, son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı
layihələr nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına
çevrilib və yaradılan əlverişli infrastruktur hesabına bu nəqliyyat
dəhlizləri ilə daşınan yüklərin, sərnişinlərin və nəqliyyat
vasitələrinin həcmi artıb. Baş İdarənin rəisi vurğulayıb ki,
əlverişli nəqliyyat infrastrukturundan narkoqaçaqmalçılar da
istifadəyə cəhd edir və bu cəhdlərin qarşısının alınması
istiqamətində görülən qətiyyətli tədbirlər nəticəsində 2021-ci il
ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar
olunub.

Məsum Rəsulov bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar
sərnişinlərin sərhədkeçmə prosesinə tətbiq olunan məhdudiyyətlər
səbəbindən faktların sayında azalma müşahidə olunsa da, əsasən
yükdaşımalarla bağlı qanunsuz dövriyyədən götürülmüş narkotiklərin
miqdarında kəskin artım qeydə alınıb. Gömrük orqanlarının səmərəli
fəaliyyəti nəticəsində 2021-ci ildə 3 ton 43 kq 507 qram narkotik
vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb,
2020-ci illə müqayisədə 2021-ci ildə aşkar edilən narkotik
vasitələrin miqdarı 2 dəfədən çox artıb. Ümumilikdə isə gömrük
orqanları tərəfindən 2019-2021-ci illər ərzində 6 ton 522 kq 640
qram əsasən təhlükəlilik dərəcəsi yüksək olan narkotik vasitə və
psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. O da qeyd olunub
ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səmərəli
mübarizənin təşkilində beynəlxalq əməkdaşlığın gücləndirilməsi
xüsusi önəm daşıyır və Azərbaycan gömrüyü bu istiqamətdə zəruri
tədbirlər həyata keçirir.

Sonda vebinarda müzakirə edilən məsələlər ətrafında fikir
mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Teqlər: