Yeni Azərbaycan Partiyası özündə yeni idarəetmə modelini ehtiva edir – Vüqar Rəhimzadə

Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar YAP-ın
fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb
oldu

Dünənin, bu günün və gələcəyin partiyası olduğunu keçdiyi 30
illik şərəfli yolda atdığı hər addımında təsdiqləyən Yeni
Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. Bəzən zaman
baxımından kiçik görünən bir dövr uğurlarla zənginlik baxımından
daha böyük rəqəmlə ifadə olunmaq təsəvvürü yaradır. Bu baxımdan,
partiyanın VII qurultayından ötən bir il ölkəmizin, Yeni Azərbaycan
Partiyasının həyatında mühüm tarixi məqamlarla yadda qalıb. Dövlət
başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayındakı
çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm
mərhələlərini təhlil etdi və bu siyasi qüvvənin perspektiv
xarakterli strateji hədəflərini açıqladı. Məhz bu səbəbdən YAP-ın
VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin
başlanğıcı kimi dəyərləndirilir. Məlumdur ki, son bir ildən artıq
dövrün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və
quruculuq işlərinin miqyasını genişləndirmək, bu işləri müasir
tələblər səviyyəsində həyata keçirib soydaşlarımızın Böyük
Qayıdışını reallaşdırmaqdır. Bu mənada Azərbaycanın hər bir
uğurunda öz payı, yeri olan Yeni Azərbaycan Partiyası da VII
qurultayını məhz tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara
söykənərək keçirdiyi üçün qarşıda dayanan vəzifələrin icrası
məqsədilə yeni Proqramın hazırlanmasına və təsdiqinə zərurət
duyuldu. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab
İlham Əliyev partiyanın VII qurultayında bununla bağlı
tapşırıqlarını verdi. Partiyanın yeni Proqramı ötən ilin dekabr
ayının 29-da YAP İdarə Heyətinin iclasında təsdiq edildi. Yeni
Proqramda əksini tapan “Partiyanın inkişafı və uğurları”, “Siyasi
dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və
partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və
“Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya”
adlı fəsillər özündə Yeni Azərbaycan Partiyasının prinsiplərini,
tutduğu yolu, bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi
hədəfləri, ən əsası partiyanın çoxminli üzvlərinin dövlət başçısı
İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarının
və ölkə Prezidentinin həyata keçirdiyi siyasətin uğurlarının
təbliğində göstərdikləri fəallıqları ehtiva edir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
sədri, “91-lər”in üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə
AzerTimes-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Proqramda Yeni Azərbaycan
Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji
istiqamət müəyyən olunub ki, bunlar Heydər Əliyev yolu,
müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi,
varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial
ədalət və insan amili, multikultural cəmiyyət və demokratik
ənənələrin inkişafıdır: “Proqramda bu mühüm məqam da yer alır ki,
YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar
peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət,
milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və
müasirlikdir. Hər bir meyar partiyanın həyata keçirdiyi siyasətin
aydın təsəvvürünü yaradır. Bu baxımdan ki, Azərbaycan hər zaman
yeniliklərə, təkmilləşməyə daha çox meyil göstərən və bunu atdığı
addımları ilə təsdiqləyən, ən əsası innovasiyalar ölkəsi kimi
tanınır. İslahatlar prosesinin qaçılmaz olması da dövlətimizin bu
siyasətinə əsaslanır. Hər dövrün, zamanın tələblərinə uyğun olaraq
təkmilləşmə həyata keçirilir, Azərbaycan beynəlxalq maliyyə
qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır.
Azərbaycanın bu uğurlarında ulu öndər Heydər Əliyevin dahiyanə
uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət və hazırda bu xəttin
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycanın yaşadığı çətinliklərin tezliklə
keçib gedəcəyini, hər bir Azərbaycan vətəndaşının qüdrətli
Azərbaycanla qürur duyacağını əminliklə səsləndirmişdi. Təbii ki,
bu əminlik Ulu Öndərin dövlətinə, xalqına bağlılıq hissinə, zəngin
dövlətçilik təcrübəsinə əsaslanırdı. Eyni zamanda, ulu öndər Heydər
Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğacağını bildirmişdi. Son
18 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
qazandığı uğurlara söykənərək bu fikri böyük qürur hissi ilə qeyd
edirik ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək
istədiyi Azərbaycandır. Ümummilli Lider 1992-ci ildə xalqın böyük
əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ona
ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə
“Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı ilə görmək istədiyi
Azərbaycanın mənzərəsini təqdim etmişdir.”

“Təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar
fəaliyyətin meyarıdır” söyləyən Yeni Azərbaycan Partiyası Xətai
rayon təşkilatının sədri qeyd edib ki, bu səbəbdən YAP-ın
fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və
kreativliyin təşviqi, geniş tətbiqinin dəstəklənməsidir:
“Fəaliyyətin digər mühüm prinsiplərindən biri müasirlikdir ki, bu
da partiyanın yeniliklərə, təkmilləşməyə açıq olmasında özünü
qabarıq şəkildə büruzə verir. 2019-cu ilin sonlarında ölkəmizdə
geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da
əksini tapması üçün Yeni Azərbaycan Partiyasının Milli Məclisin
buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi
təşəbbüsü ilə çıxış etməsi də bunun bariz nümunəsidir. Ölkənin
inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan
Partiyasının əsas hədəflərində də yeniliklərə, təkmilləşməyə
meyillilik özünün aydın ifadəsini tapıb. Belə ki, Heydər Əliyev
irsinin təbliği və təşviqindən sonra güclü iqtisadiyyatın qurulması
və davamlı inkişafın təmin edilməsi, inklüziv cəmiyyətin, ədalətli
sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın
artırılması, vətəndaş cəmiyyətinin inkişafı, mədəni irsin və
milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı,
milli maraqların qorunması və xarici siyasətin, ordu quruculuğunun,
işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın reallaşdırılması
kimi məsələlərin hər biri müasir dövrün yeniliklərinin tətbiqini
bir tələb kimi qarşıya qoyur. Bu gün biz informasiya-kommunikasiya
texnologiyalarının inkişaf etdiyi və tətbiq olunduğu dövrdə
yaşayırıq. Artıq 4-cü Sənaye İnqilabının yeniliklərindən bəhs
edilir, zamanın qabaqlanması prioritet məsələ kimi qoyulur. Yeni
texnologiyaların sürətlə inkişaf etdiyi, müasir düşüncəli,
yenilikçi gəncliyə böyük ehtiyac duyulduğu indiki mərhələdə
partiyanın 800 minə yaxın üzvünün təxminən 40 faizinin gənclər
olması, şübhəsiz, böyük uğurdur. YAP ölkənin vətənpərvər,
intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə
birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi
ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.
Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri
uğurlu fəaliyyət göstərdi. Döyüşdə iştirak edənlərin mütləq
əksəriyyəti İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən
sonrakı dövrdə yetişən gənclərdir. Onlar yetişdilər, vətənpərvərlik
və fədakarlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhidlik
zirvəsinə ucaldılar və özlərindən sonrakı gəncliyin bəhrələnməsi
üçün vətənpərvərlik məktəbini yaratdılar.”

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin
Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olduğunu önə
çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 2018-ci ilin
prezident və 2020-ci ilin parlament seçkilərindən, xüsusən də
2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən
sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün
zəmin yaratmışdır: “Yaranmış yeni reallıqlar iqtidar partiyasında
islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin
müəyyən olunmasının zəruriliyini müəyyən etdi. YAP yeni idarəetmə
modelini özündə ehtiva edir. Partiyanın VII qurultayında qəbul
olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin
başlandığını nümayiş etdirdi. VII qurultayda YAP-ın yeni
Nizamnaməsi təsdiq olunmuşdur. Həmçinin partiyanın strukturuna
Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli
təşkilatların və onların aparatlarının daxil olduğu təsbit
edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni formalaşdırılmış
Mərkəzi Aparatı və yerli strukturları müasir dövrün tələblərini,
partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək
səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata
keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza
atmasına öz töhfələrini verməkdədir.”

Vüqar Rəhimzadə ölkədə həmrəylik və demokratiya mühitinin
qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı
rolunu da xüsusi qeyd edib: “Ölkədə reallaşan siyasi dialoq YAP-ın
prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların
fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar
olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir.
Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi
və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.”

YAP Xətai rayon təşkilatının sədri ümumiləşdirilmiş şəkildə qeyd
edib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul
olunmuş qərarlar YAP-ın fəaliyyətində keyfiyyət etibarilə
əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Tarixi Zəfərimizin yaratdığı
reallıqları yaşayırıq. Bu reallıqların diktə etdiyi hədəflər
Azərbaycanın qarşısında daha geniş imkanlar açır.

Teqlər: