“Nar” illik göstəricilərini açıqlayıb (FOTO)

Fəaliyyətə başlamasının 15-ci ilini qeyd edən “Nar” 2021-ci il
ərzində rabitə bazarında əldə etdiyi göstəriciləri açıqladı.
Abunəçilərinə xərc qarşılığında dəyər təqdim edən mobil operator
2021-ci ilin nəticələrinə əsasən 2,2 milyon aktiv abunəçi bazası
ilə yerli rabitə bazarında 23%-lik pay sahibidir.

Müştəri məmnuniyyətinin öyrənilməsi məqsədi ilə keçirilən
müstəqil sorğunun nəticəsinə görə, “Nar” 3 ildir ki, Müştəri
Loyallığı İndeksinə görə ölkənin lider mobil operatorudur. 2021-ci
ildə “Nar” xidmət mərkəzlərini ziyarət edənlərin 93%-i göstərilən
xidmətdən razı qalıb. Çağrı mərkəzi və rəqəmsal kanallar isə
çətinlikləri saniyələr ərzində həll etməsi ilə fərqlənib. Bundan
başqa, abunəçinin xərclərin şəffaflığını və müxtəlif xidmət
əməliyyatlarını asanlaşdıran “Nar+” tətbiqinin istifadəçiləri
2021-ci ildə 80% artıb.

Müştərilərinin tələblərini və rəyləri əsasında bazara təqdim
edilən “Full” və “Cavannar” tarifləri “Nar”ın ən çox istifadə
edilən məhsulları sırasındadır. 2021-ci ildə “Full” abunəçilərinin
sayı 20%, “Cavannar” abunəçilərinin sayı isə 50% artıb.

Müştərilərinin “Nar” mağazasında özlərini daha komfortlu hiss
etmələri və göstərilən xidmət keyfiyyətini üstün saxlamaq məqsədilə
“Nar” öz mağazalarını yeni konsepsiya ilə dizayn edir. Bu günədək 3
xidmət mərkəzi və 41 mağaza tam yenilənib və ziyarətçilərinə xidmət
göstərir.

Ölkə əhalisinin 94%-ni əhatə edən “Nar” 4G şəbəkəsindən hazırda
1,4 milyon “Nar” abunəçisi istifadə edir və bu say ölkədə ən yüksək
göstəricilərdən biridir. “Nar” işğaldan azad edilmiş ərazilərdə də
sürətlə şəbəkə infrastrukturunu yaradılmasına davam edir. Ağdam,
Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd (Hadrut), Şuşa, Tərtər,
Zəngilan rayonlarında “Nar” xidmətlərindən istifadə etmək
mümkündür. Hazırda Nar 8000-dən çox baza stansiyası ilə əhalinin
99%-nə yüksəkkeyfiyyətli xidmət göstərməkdədir.

“Nar” özünün korporativ sosial məsuliyyət strategiyası
çərçivəsində ölkənin mühüm sosial layihələrində aktiv iştirak
etməyə davam etməkdədir. 2021-ci ildə korporativ sosial məsuliyyət
strategiyası çərçivəsində 24 layihə həyata keçirən mobil operator
layihələrinin davamlı olmağı ilə seçilir. “Nar” son 5 ildə sosial
layihələrə 4,3 milyon AZN sərf edib.

Mobil rabitə bazarındakı üstünlüyü saxlamaq üçün 2022-ci ildə
“Nar” , müştəri yönümlü strategiyasını davam etdirməyi, yeni
konsepsiyalı daha 27 mağazanı abunəçilərin xidmətinə təqdim etməyi,
azad edilmiş ərazilərdəki şəbəkə infrastrukturunu daha da
genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya
yatırımlarını davam etdirməyi planlaşdırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.