Müharibələrin didərgin saldığı insanların sayı ilk dəfə 100 milyonu ötüb – BMT

Münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən
qaçmağa məcbur olan insanların sayı indi ilk dəfə olaraq
Ukraynadakı müharibə və digər ağır münaqişələr səbəbindən 100
milyonluq həddi ötüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından (QAK) AzerTimes-a verilən məlumata görə, Ali
Komissar Filippo Qrandi bildirib ki, yüz milyon çox ciddi və eyni
zamanda silkələyən və narahat edəcək bir rəqəmdir. Bu, heç zaman
qeydə alınmamış bir rekorddur:

“Bu, dağıdıcı münaqişələrin həll edilməsi və qarşısının
alınması, təqiblərə son qoyulması və günahsız insanları evlərini
tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün
həyəcan siqnalı rolunu oynamalıdır”.

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın yeni
məlumatlarına görə, Efiopiya, Burkina Faso, Myanma, Nigeriya,
Əfqanıstan və Konqo Demokratik Respublikası daxil olmaqla bir sıra
ölkələrdə yeni zorakılıq dalğaları və ya uzun sürən münaqişələr
nəticəsində 2021-ci ilin sonunadək dünya üzrə zorla didərgin
salınmış insanların sayı 90 milyona çatıb. Bundan əlavə,
Ukraynadakı müharibə bu il ölkə daxilində 8 milyon insanı didərgin
salıb, Ukraynadan 6 milyondan çox qaçqının köçməsi qeydə
alınıb.

Dünya əhalisinin 1%-indən çoxunu təşkil edən bu ümumi rəqəm
dünyada əhali baxımından 14-cü olan ölkənin əhalisinin sayına
bərabərdir. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin (IDMC) bu
yaxınlarda dərc olunmuş hesabatına görə, buraya qaçqınlar və
sığınacaq axtaranlar, habelə münaqişə nəticəsində ölkəsinin
sərhədləri daxilində didərgin düşmüş 53,2 milyon insan
daxildir.

“Ukraynadakı müharibə səbəbindən qaçan insanlara münasibətdə
beynəlxalq reaksiya olduqca müsbət olub”, – deyə o, əlavə edib. –
“Mərhəmət hissi qalmaqdadır və dünyadakı bütün böhranlarla bağlı
analoji səfərbərliyə ehtiyacımız var. Amma nəticə etibarı ilə
humanitar yardım çarə deyil, yüngülləşdirici vasitədir. Bu
tendensiyanı geri çevirmək üçün yeganə cavab sülh və sabitlikdir
ki, günahsız insanlar evdə qalıb ciddi təhlükə ilə üzləşmək, yoxsa
riskli qaçışı və sürgünü seçmək arasında seçim etmək
məcburiyyətində qalmasınlar.”

BMT QAK “Qlobal tendensiyalara dair illik hesabat”ını iyunun
16-da açıqlayacaq. Həmin hesabatda 2021-ci il üçün zorla didərgin
salınma halları ilə bağlı qlobal, regional və milli məlumatların
tam toplusu, habelə 2022-ci ilin aprel ayına qədər olan bir qədər
məhdud çərçivədə yenilənmiş məlumatlar, həmçinin qayıdışlar və həll
yolları haqqında təfsilatlar əks olunacaq.

Teqlər: