Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində
işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması
prosesinə başlanılır.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat
verilib.

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd
ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə
məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin
peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması,
onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını
öyrənməkdir.

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil
səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı,
Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe
olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi
təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb
olunması nəzərdə tutulur.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə
hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust
ayının sonlarında başlanılması nəzərdə tutulur.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera
inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya
sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1
il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada
iştirak etmək hüququna malik olacaqlar.

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi)
ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il
müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial
məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az
müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını
təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər.
Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın
əsasnaməsi və tərkibi təsdiq olunub.

Sertifikatlaşdırma prosesinin növbəti mərhələləri barədə
ictimaiyyətə əlavə məlumat veriləcək.

Sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş
qiymətləndirmə çərçivəsi ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Teqlər: