Müdafiə Nazirliyi “Müharibə veteranı” adının verilməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Müdafiə Nazirliyi vətəndaş Əsgərov Vüqar Əli oğluna “Müharibə
veteranı” adının verilməsi ilə bağlı məsələyə münasibət
bildirib.

Nazirliyin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumatda
bildirilir ki, adıçəkilən şəxs 09.03.2022-ci il tarixində “Müharibə
veteranı” adının verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət
edib.

“Onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədlərin
tamamlanması üçün zəruri işlər görülür.

Həmin vətəndaş 29.04.2022-ci il tarixində təkrar olaraq müraciət
edib. Nazirlikdən V.Əsgərova zəruri sənədlərin hazır olması barədə
məlumat verilib. Əlavə olaraq izah olunub ki, ondan başqa 12000-dən
artıq Vətən müharibəsi iştirakçısının arayış-məlumatları tam
hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar verilməsi üçün
müvafiq komissiyaya göndəriləcək.

Bildiririk ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə veteranı” adı verilib. Vətəndaş V.Əsgərov da daxil
olmaqla digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar
araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. Zəruri sənədlər
tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün müvafiq
komissiyaya təqdim ediləcək.

Bundan sonra, “Müharibə veteranı” adının verilməsi təsdiq olunan
və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan
Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) verilməsi
2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin
olunacaq.

Bir daha sosial şəbəkə istifadəçilərini əsassız iddialar
səsləndirən vətəndaşların çıxışlarını yaymaqla ictimaiyyətdə yanlış
rəy formalaşdırmamağa çağırırıq”, – nazirlikdən bildirilib.

Teqlər: