Müdafiə Nazirliyi mənzil almaq istəyən ehtiyatda olan hərbçilərə müraciət edib

Müdafiə Nazirliyindən dövlət vəsaiti hesabına daimi mənzillə
təmin olunmaq istəyən ehtiyatda olan (zabit, gizir, “miçman” və
müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçulara müraciət
edib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il
tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli
1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət
müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir,
“miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi
qulluqçuların
dövlət vəsaiti hesabına daimi mənzillə təmin
olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən
Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

– Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə
ərizə;

– Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya
notarial təsdiqi);

– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə
əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə
arayış (əsli və ya notarial təsdiqi).
Ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi
hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi
mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan
Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim
edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.

Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan
sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət
etmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq
həqiqi hərbi xidmət) hərbi qulluqçuların
sənədləri dövlət
vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması
üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
göndəriləcək.

Sənədlərin təqdim olunacağı ünvan: Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi
(Süleyman Dadaşov küçəsi 2)

Telefon: (012) 539-23-55

Teqlər: