Müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib (FOTO/VİDEO)

Aprelin 14-də Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu
ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə hospitalın həyətində ucaldılmış
ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub,
Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tibb personalı ilə görüşən müdafiə naziri onları əlamətdar gün
münasibəti ilə təbrik edib, şərəfli və məsuliyyətli xidmətlərində
uğurlar arzulayıb.

General-polkovnik Z.Həsənov ulu öndər Heydər Əliyevin ordu
quruculuğu istiqamətində başladığı işlərin Ölkə Başçısı tərəfindən
bu gün də uğurla davam etdirildiyini bildirib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı
sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə
olduğu kimi, hərbi tibb sahəsində də əldə olunan uğurlardan
danışıb.

Müdafiə naziri hospitalın bugünkü elmi-texniki bazasının
nəzdində elmi işlərin və araşdırmaların geniş aparılması, tibb
heyətinin peşəkarlığının daha da artırılması üçün bütün imkanların
mövcudluğunu qeyd edib.

Nazir Vətən müharibəsində hərbi həkimlərimizin və tibb
personalının göstərdiyi fədakarlıqların Ali Baş Komandan tərəfindən
yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb. Dövlətimizin diqqət
və qayğısı nəticəsində Vətən müharibəsi dövründə sağlamlığını
itirmiş 259 nəfərin xarici ölkələrə müayinə və müalicəyə
göndərildiyini, onların böyük əksəriyyətinin müalicəsini başa
vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb. Qeyd olunub ki,
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının
tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə
Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş
17995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.
General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların
döyüş meydanından təxliyə olunması, 11110 nəfərə tibbi yardımın
göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb
işçilərinə təşəkkürünü bildirib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, tibb
xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər
verib.
Digər çıxış edənlər bölmələrdə yaradılan müasir şəraitə görə
Dövlətimizin Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, müasir tibbi cihaz
və avadanlıqlarla təchiz olunmuş müalicə korpusları hərbi
qulluqçularımıza və onların ailə üzvlərinə yüksək səviyyədə xidmət
göstərməyə imkan verir. Tibb personalı bundan sonra da hospitalın
bütün imkanları ilə hərbçilərimizin sağlamlığının qorunub
saxlanılmasına çalışacaqlarına, Ölkə Başçısının və Müdafiə
Nazirliyi rəhbərliyinin tapşırıqlarını layiqincə və yüksək
peşəkarlıqla icra edəcəklərinə söz veriblər.
Sonda hərbi hospitalın xidmətdə fərqlənən, yüksək nizam-intizamı
ilə seçilən bir qrup əməkdaşı mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
kollektivinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

Teqlər: