MSK-da maliyyə əməliyyatları və hesabatlarının auditinin nəticələri açıqlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci il üzrə maliyyə
əməliyyatları və hesabatlarının auditinin nəticələri açıqlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının
2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Qeyd olunub ki, aparılmış Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN)
tədbiri nəticəsində müəyyən edilib ki, dövlət qulluğuna qəbul üzrə
imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun həyata
keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati
vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə
qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları
üçün nəzərdə tutulmuş əlavələr ödənilib.

Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının
pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə
alınaraq, göstərilən qaydada işə qəbul edilmiş şəxslərin hüquqi
statusunun “Dövlət qulluğu haqqında” qanuna uyğunluğu ilə bağlı
yaranmış məsələnin qiymətləndirilməsi üçün Milli Məclisə, Dövlət
Qulluğunu İdarəetmə Şurasına və Dövlət İmtahan Mərkəzinə təkliflər
göndərilib.

Bundan əlavə, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik
edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya
sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş
əmək bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata
alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat
göndərilməsindən sonra əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi halda
va eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya
sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
ilə bağlı əmək müqavilələri barədə məlumatların müvafiq olaraq
elektron informasiya sistemində qeydiyyata alınması üçün təqdim
edilmədiyi halda 877 nəfər işə qəbul olunub.

Teqlər: